SN: Vətən Müharibəsində ağır yaralanan qazilərə 250-dən çox əməliyyat həyata keçirilib

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov

© APA | Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov

# 27 sentyabr 2021 12:01 (UTC +04:00)

“Ötən il 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Ancaq həkimlər, xüsusən də ortopedlər üçün o, davam edir və təəssüf ki, uzun illər davam edəcək”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov bildirib. Onun sözlərinə görə, sümük toxuması kərtənkələnin quyruğu kimi, əksər hallarda unikal bir qabiliyyətə - öz-özünə bərpaya malikdir. Ancaq, eyni zamanda, sümük toxumasının bərpasına çox vaxt lazımdır: “Buna görə də iqtisadi baxımdan ortopediya maliyyə, eyni zamanda, həm xəstədən, həm də həkimdən səbir tələb edən tibb sahəsidir. Bu gün ortopedlərdən ibarət briqada “YAŞAT Fondu” ilə birlikdə fəal şəkildə işini davam etdirir. Belə ki, bu il ərzində Vətən Müharibəsində ağır yaralanan qazilərimizə 250-dən çox əməliyyat həyata keçirilib. Hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq".

İ.Qasımov deyib ki, qeyri-döyüş yaralanmaları ilə döyüş travmaları arasında dərin fərqlər var: "Müharibə yaralarında görülən zərər, hər gün görülə bilən sadə yumşaq toxuma zədələri kimi bir şey deyil. Bundan əlavə, müharibə şəraitində iş şəraiti çox fərqlidir.

Müharibə yaralarının demək olar ki, hamısı çirkli yaralardır. Güllə və qəlpə yaraları əhəmiyyətli orqanlara, sümüklərə və yumşaq toxumalara kütləvi ziyan vura bilər. İnfeksiya böyük bir təhlükədir və septik cərrahiyyə qaydaları tətbiq olunur. Mülki praktikada heç bir zədələnmə qəlpə parçaları, mina səbəbiylə meydana gələn travmatik amputasiya və ya yüksək kinetik enerji transferi istehsal edən hərbi tüfəng gülləsinin dağıdıcı zərbəsi nəticəsində yaranan travma ilə müqayisə edilə bilməz.

Silahların quruluşu, qoruyucu bədən zirehləri və nəqliyyatda hər hansı bir gecikmə yaralanmasını ağırlaşmasına təsir edəcək. Müharibə əsnasında real bir vəziyyət meydana gəlir və təsirləri ciddi şəkildə hiss olunur. Müharibənin baş verdiyi ərazi; stresin sıx olduğu, tələblərin yüksək olduğu və klinik tətbiqlərin avtomatik olaraq edildiyi mühitlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR