Soltan Məmmədov: “Dinləmələrdə risk qruplarının 3-cü dozaya cəlb olunmasının vacibliyi vurğulandı”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov

© APA | Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov

# 07 oktyabr 2021 17:42 (UTC +04:00)

“Milli Məclisin Səhiyyə komitəsində “Koronavirus infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” keçirilən dinləmə zamanı deputatları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib. Bu gün ölkədə COVİD-19-la mübarizə sahəsində görülən tədbirlər, peyvəndlərin tətbiqi sahəsində vəziyyət, gələcək planlara müvafiq qurumların nümayəndələri deputatların suallarına ətraflı cavab verilib. Hesab edirəm ki, müzakirələr çox faydalı olub”.

Bunu APA-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.

Deputat deyib ki, dinləmədə 3-cü dozanın tətbiqi ilə bağlı bəzi məsələlər haqqında mütəxəssislər öz fikrilərini bildiriblər. Qeyd olunub ki, yüksək risk qrupuna daxil olanlar vaksinin 3-cü dozasını qəbul etməsi tövsiyə olunur və artıq bir sıra xarici ölkələrdə aparılan tədqiqatlar da bunu təsdiq edir.

Millət vəkili qeyd edib ki, 3-cü dozanın yan təsirləri ilə bağlı vətəndaşları narahat edən məsələlər də müzakirə olunub: “3-cü dozanın qəbulundan sonra yan təsirlərin nadir hallarda müşahidə olunduğu bildirildi. Eyni zamanda bu cür təsirlər 1-ci və 2-ci dozanın təsirlərindən fərqlənmir. Bu məsələ ilə bağlı bir sıra ölkələrdə tədqiqatlar aparılıb və mütəxəssislərin rəyi öyrənilib. Dinləmədə Azərbaycanda risk qruplarının 3-cü dozaya cəlb olunmasının vacibliyi də vurğulandı. Qeyd olundu ki, aparılan tədqiqatların nəticələrinə görə, 3-cü dozanı almış, yaşı 60-dan yuxarı insanlarda yoluxmadan qorunma səviyyəsi 11 dəfə, eyni zamanda ağırlaşmadan qorunma səviyyəsi 19 dəfə yüksək olub. Hesab edirəm ki, bu çox ciddi bir fərqdir və 3-cü dozanın nə qədər vacib olduğunu bir daha təsdiq edir”.

S. Məmmədovun sözlərinə görə, dinləmədə koronovirus xəstəliyinin müalicə protokolları ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb: “Virusa yoluxan vətəndaşların evdə müalicə olunan zamanı bəzi hallarda çoxlu antibiotik qəbul etdiyi və bunun fəsadlar yaratdığı diqqətə çatdırılıb. TƏBİB və Səhiyyə Nazirliyinin nümayəndələri bu məsələnin diqqətdə saxlanıldığını, müalicə protokollarının düzgün tətbiqi ilə bağlı əhalinin maarifləndirilməsi, eyni zamanda, evdə müalicə olunan vətəndaşların nəzarətdə saxlanılması ilə bağlı müvafiq tədbirlərin gücləndirilməsi istiqamətində iş aparıldığını vurğuladılar. Dinləmədə dərmanların qeydiyyatı sisteminin təkmilləşdirilməsi ilə bağlı da məlumat verildi. Antibiotiklərin reseptsiz verilməsinin bir çox hallarda ağır nəticələrə səbəb olduğu nəzərə alınaraq, elektron resept sisteminin tətbiqi ilə bağlı müzakirələr aparıldı”.

O qeyd edib ki, dinləmədə COVİD-19 testlərinin qiymətinin bəzi özəl laboratoriyalarda yüksək olması məsələsi də müzakirə olunub: “Qeyd edilib ki, burda əsas məsələlərdən biri testlərin keyfiyyətinin standartlara uyğun olmasına nəzarət etməkdir”.

Millət vəkili dinləmədə peyvəndlərin keyfiyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu, Azərbaycanda tətbiq olunan peyvəndlərin bütün kiliniki tədqiqatlardan keçdiyini bildirib. Qeyd edib ki, aparılan tədqiqatların nəticələri ÜST tərəfindən qiymətləndirildikdən sonra peyvəndlərin tətbiqinə icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR