Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub  - FOTO

Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub  - FOTO
# 07 sentyabr 2021 13:20 (UTC +04:00)

Bu gün yeni istifadəyə verilmiş Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən geniş təqdimat keçirilib, media-tur təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə bina ilə tanış olublar. Bildirilib ki, son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35 məhkəmə, elə bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslərin tikilərək istifadəyə verilməsi məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.

Sumqayıt Məhkəmə Kompleksi ölkədə inşa olunan sayca dördüncü məhkəmə kompleksidir. Tədbir iştirakçıları Vətən müharibəsində qazanılmış Zəfər salnaməsinə, işğaldan azad edilmiş doğma torpaqlarda aparılan bərpa-quruculuq işlərinə həsr olunan stendlərlə tanış olublar. Sonra kompleksdə məhkəmə iclas zalları, ictimai və inzibati zonalar, hakimlər üçün və digər otaqlarla, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və innovasiyalarla tanışlıq olub.

Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

Kompleksdə 24 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 17 zal fəaliyyət göstərir. Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün "Femida" sistemi quraşdırılıb ki, bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur.

Cinayət işləri üzrə məhkəmə zallarında həmçinin, təqsirləndirilən şəxslər üçün xüsusi yer ayrılıb və burada monitor, mikrofon və vəkillə əlaqə saxlamaq üçün birbaşa telefon quraşdırılıb.

İştirakçılar hakimlər və məhkəmə işçiləri üçün otaqlara da baxıblar. Məlumat verilib ki, 50-dək hakimin, ümumilikdə isə orada çalışacaq 240 işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait vardır. Kompleksdə vətəndaşların qəbulu, dəftərxana, işlərlə tanışlıq, dövlət ittihamçıları və vəkillər üçün otaqlar, tibb, ana və uşaq otaqları da yerləşir.

Bina ilə tanışlıqdan sonra kompleksin akt zalında keçirilən tədbirdə ölkə Prezidenti lham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi, bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, vətəndaşlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə və onların əlçatanlığının genişləndirilməsinə yönəldiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR