Sumqayıtda Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı olub - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda Polad Həşimovun barelyefi

© APA | Sumqayıtda Polad Həşimovun barelyefi

# 15 iyul 2021 12:04 (UTC +04:00)

Sumqayıtda şəhid general Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı olub.

APA-nın yerli bürosunun məlumatına görə, xatirə abidəsi şəhid generalın yaşadığı 13-cü mikrorayonda yaşadığı binanın qarşısında inşa edilib.

Açılış mərasimində şəhər rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, P.Həşimovun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılışdan sonra abidəyə gül-çiçək dəstələri qoyulub, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib.

Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub.

Çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.

Sonra isə Sumqayıtda Polad Həşimovun adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, P. Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P. Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.

P.Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR