Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manat olacaq

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manat olacaq
# 22 iyun 2021 15:18 (UTC +04:00)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Şuşa “Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, idarənin nizamnamə fondunun məbləği 1 000 000 (bir milyon) manatdır.

İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

İdarənin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

İdarə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur.

İdarənin tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilən hissəsi İdarənin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür.

“Reklam haqqında” qanuna müvafiq olaraq İdarənin açıq məkanda reklam yayımına görə tutduğu haqqın məbləği dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR