Şuşada təməli qoyulan yeni məscid kompleksinin layihəsi açıqlanıb - FOTO

Şuşada təməli qoyulan yeni məscid kompleksi

© APA | Şuşada təməli qoyulan yeni məscid kompleksi

# 13 may 2021 01:28 (UTC +04:00)

Mayın 12-də Şuşada təməli qoyulan yeni məscid kompleksi 8 rəqəmi və minarələri isə 11 rəqəmi şəklində olacaq.

APA xəbər verir ki, məscid kompleksinin layihəsində əks olunduğu kimi, bu, Şuşanın noyabrın - 11-ci ayın 8-də azad edilməsini və Zəfər Gününü simvolizə edir.

Qeyd edək ki, sözügedən məscidin təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti qeyd edib ki, məscidin təməlqoyma günü təsadüfən seçilməyib: “Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq”.

Dövlət başçısı bildirib ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir: “Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər”.

Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Şuşa şəhərinə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR