Tarixçi alim Fəridə Məmmədova vəfat edib - VİDEO

Fəridə Məmmədova

© APA | Fəridə Məmmədova

# 08 dekabr 2021 10:14 (UTC +04:00)

Tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəridə Məmmədova vəfat edib.

Bu barədə APA-ya AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

O, 85 yaşında uzun sürək xəstəlikdən vəfat edib.

Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-cı ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cı ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub: qədim fars (mixi yazı), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcü dillərini bilib.

O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-cü ildə AMEA tarix elmləri doktoru, 2001-ci ildə AMEA müxbir üzvü seçilib.

Elmi fəaliyyətlə məşğul olduğu dövrdə elmdə ilk dəfə Albaniyada feodalizmin genezisini tədqiq edib, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut edib.

Tarix elmində ilk dəfə Albaniyanın E.Ə. IV əsrindən E. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş böyük knyazlar – Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.

F.C.Məmmədova 6 beynəlxalq konfransın təşkilatçısı və məruzəçi, 27 beynəlxalq konfransların iştirakçı və məruzəçisi olub.

F.C.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir. “Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olub. Yeddi cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild); “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri,” Bakı, 2004); “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004); “Kürəkçay müqaviləsi–200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biridir; Qərb Universitetində gender proqramında iştirak edib, ali məktəblər üçün “Azərbaycan tarixində qadınlar” mövzusunda proqram hazırlayıb. Ali məktəblər üçün “Qədim dövrlərdən XX əsrə qədər Azərbaycan tarixində qadınlar” mövzusunda məruzə yazıb. Məruzələr “Gənclər, tarix, cəmiyyət, mədəniyyət kitabında (Bakı, 2002) dərc olunub. F.C.Məmmədova 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

O, “Əməkdar elm xadimi” (1990) adına, Dövlət mükafatına, “Şöhrət” (2004) ordeninə, “Y.Məmmədəliyev”, “Nizami”, “Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi” adına medallara layiq görüb, “Qızıl qələm” ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR