TƏBİB dərman vasitələrinin saxlanılma tələblərini açıqlayıb

Elmin Quliyev

© APA | Elmin Quliyev

# 29 oktyabr 2021 15:01 (UTC +04:00)

“Dərman vasitələri depolarda, apteklərdə saxlanılır. Amma insanlar dərmanları apteklərdən alıb, evdə saxlayırlar”.

APA-nın məlumatına görə, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

E. Quliyev deyib ki, hər bir evdə bir güşədə dərman vasitələri saxlanılır: “Dərmanların istifadə təlimatlarında hansı şəraitdə saxlanılmalı olduğu qeyd edilir. Ola bilər ki, dərman qapalı yerdə, Günəş işığından kənar, quru yerdə saxlanılmalıdır. Dərman vasitələrinin rütubətli yerlərdə saxlanılması arzuolunan deyil. İkinci, əsas məsələ son istifadə müddətidir. Bəzən insanlar fikir vermir, evdə saxlanılan dərman vasitəsinin son istifadə müddəti keçir və istifadə edirlər. Burada nəinki effektsiz dərman vasitəsindən söhbət gedir, dərman zəhərlənməsi də baş verə bilər. Dərman vasitəsinin son istifadə müddəti keçdikdə onun tərkibində zəhərli toksik maddələr yaranır ki, bu da insanları zəhərləyə bilər”.

TƏBİB-in departament rəhbəri qeyd edib ki, göz və qulaq damcıları steril dərman vasitələridir: “Onların ağzı açıldıqdan sonra müəyyən saxlanma müddəti var. Məsələn, 15 gün müddətində sterildirlər. Bəzi insanlar bu dərmanların qalıqlarını saxlayır, 3-4 aydan sonra istifadə edir. Ancaq bu dərman vasitələri steril olmadığına görə bir çox fəsadlara gətirib çıxara bilər. Göz və qulaq damcıları istifadə müddətində istifadə edilir, ondan sonra qalıq qalsa belə, onları atmaq lazımdır. İstifadə müddəti bitməmiş olsa belə, siz artıq onun qapağını açmısınızsa, 15-20 gün steril qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR