Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 28 may 2021 12:15 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Mayın 27-də təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Emin Əmrullayev qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib.

Öz növbəsində Türkiyənin milli təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.

Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR