Tərtərçay hövzəsində 12 qum-çınqıl karxanasının fəaliyyəti dayandırılıb

ETSN

© APA | ETSN

# 06 oktyabr 2021 09:47 (UTC +04:00)

“Tərtərçay hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında keçirilən nəzarət tədbirləri zamanı 12 qum-çınqıl karxanasının istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işlərinin aparıldığı faktları aşkar edilib”.

ETSN-dən APA-ya verilən məlumata görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Tərtərçay hövzəsində qum-çınqıl karxanalarının fəaliyyəti və ətraf mühitə təsiri ilə bağlı sorğuya cavab olaraq bildirib.

Agentliyin sədri qeyd edib ki, sahibkarlar tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulub, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verib, sahil bərkitmə bəndlərinə təhlükə yaranıb, çay məcrası eroziyaya məruz qalıb:

“Qeyd edilən pozuntularla bağlı “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunların müvafiq maddələrinə əsasən sözügedən karxanaların yerin təkindən istifadə hüququna Agentliyin İdarə Heyətinin qərarı ilə xitam verilib”.

S.Qurbanov onu da qeyd edib ki, Agentliyin qəbul etdiyi qərarların məqsədi çay hövzəsində bərpası mümkün olmayan mineral resursların səmərəli istifadəsinin təmin edilməsi, onların tükənməsinin qarşısının alınması, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR