Tovuzda “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub - FOTO - VİDEO

Tovuzda  “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri

© APA | Tovuzda “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri

# 26 may 2021 11:30 (UTC +04:00)

Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

Tədbir çərçivəsində mərkəzin həyətyanı sahəsində könüllülər tərəfindən müxtəlif tullantılardan hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər. Məqsəd məişət tullantılarına ikinci nəfəs verməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması və sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır. Tədbir çərçivəsində sərgiyə baxış keçirilib.

"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib ki, bu gün təşkil edilən sərgidə toplanan vəsait tamamilə fonda ianə olunacaq: “Sərgi Tovuz gəncləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və sağlamlığını itirən qazilərimizə dəstək məqsədi ilə təşkil olunub. Biz bu gün gənclərimizin necə vətənpərvər olduqlarının bariz nümunəsini görürük. Bu, Tovuz gənclərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə dəstəyini göstərir”.

Fondun rəhbəri tədbirin təşkil olunmasına görə, Tovuz regional "Asan Xidmət" mərkəzinin rəhbərliyinə, Tovuz gənclərinə və əməyi keçən bütün şəxslərə minnətdarlığını bildirib.

Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR