Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur
# 16 iyun 2021 12:01 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu gün Avro 2020 Avropa Futbol Çempionatının növbəti oyununun paytaxtın Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub: "Bu məqsədilə bütün təhlükəsizlik tədbirləri müəyyən edilərək icraya yönəldilib. Olimpiya stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib. Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospektilə 3 saylı "ASAN Xidmət"in yanından və Hava Limanından mərkəzə doğru, H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.

Əvvəlcədən məlumat verildiyi kimi, təkrarən bildiririk ki, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik. Məlum olduğu kimi, azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyadaların isə Koroğlu metrostansiyasından keçidi nəzərdə tutulur.

Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR