UNEC-də Nobel mükafatı laureatı Aziz Sancarın gənc alimlərlə görüşü keçirilib

Aziz Sancar

© APA | Aziz Sancar

# 01 dekabr 2021 12:52 (UTC +04:00)

UNEC İqtisadi Forumu çərçivəsində Nobel mükafatı laureatı Aziz Sancarın alimlərlə görüşü keçirilib.

APA-nın məlumatına görə, görüş zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib ki, görüşdə Azərbaycanın gələcəyini təmin etmək gücündə olan gənc tədqiqatçılar, eləcə də yuxarı sinif şagirdləri arasında beynəlxalq olimpiada qalibləri və ali təhsil müəssisələrində bilik və bacarıqları ilə fərqlənən 50-ə yaxın şəhid övladı iştirak edir: "Bu gün hər bir azərbaycanlı özünü xoşbəxt hiss edir, bu xoşbəxtlik 30 il işğalda olan torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Qarabağın işğaldan azad edilməsi ilə elm və təhsil ön plana çıxır, bu məsuliyyəti anlayırıq. Bu səbəbdən ilk olaraq dünyaca məşhur olan alim, Nobel mükafatı laureatı Aziz Sancarın gənc elm adamları ilə görüşünü təşkil etmişik. Aziz Sancar təkcə elm adamı kimi yox, həm də şəxsiyyət kimi hamıya nümunədir. O böyük zəhmət hesabına uğur qazanan, 500-dən çox elmi məqaləsi, 59 mindən çox elmi istinad edilən, həftədə 70 saat çalışan alimdir".

Daha sonra Aziz Sancar elmi təhlil və tövsiyələrini gənc alimlərlə bölüşüb. Alim deyib ki, bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməlidir: "Uşaqlara erkən yaşlardan təcrübə aparmağı öyrətmək lazımdır. Əhalisinin 80-90 faizi müsəlman olan ölkələrdə elm adamları dini dayanmadan tənqid etməməlidir, təəssüf ki, bəzən bu cür olur. Bunun nə elm adamlarına faydası var, nə dövlətə. Elm adamlarına onu et, bunu et demək olmaz, elmlə məşğul olan adam müstəqil olmalıdır, o, bütün həyatını elmə həsr edir və mütləq faydalı işlər görəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR