Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib
# 04 oktyabr 2021 17:35 (UTC +04:00)

Bu gün Bakı İdman Sarayında davam edən Milli Kitab Satış Sərgisi çərçivəsində 44 günlük Vətən Müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, Şura sədri Əflatun Amaşov bildirib ki, Vətən Müharibəsində 30-dək jurnalist hərbçi olaraq döyüşüb: “Onlar qələmlərini silahla əvəzləyərək Vətənin çağırışına səs vermiş həmkarlarımızdır. Hər biri media ictimaiyyəti üçün dəyərlidir. Mətbuat Şurası müharibə müddətində onların valideynləri, ailə üzvləri ilə daim təmasda oldu. Biz gördük ki, onlar öz övladları ilə necə fəxr edirlər. Əlbəttə, hər birimiz fəxr və qürur hissi keçirirdik. Mətbuat Şurası olaraq çalışacağıq ki, onlar Azərbaycan dövlətinin bu və ya digər imtiyazlarından bəhrələnə bilsinlər. Ümumən döyüşçü jurnalistlərimizi daim diqqətdə saxlayacağıq”.

Ə. Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Vətən Müharibəsinin ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş, eləcə də müharibəni işıqlandırmış jurnalistlərə yönəlik müxtəlif aksiyalar reallaşdırmağı planlaşdırıb. Bu günkü görüş həmin tədbirlərin ilkidir. Ə.Amaşov MŞ-nın təşəbbüsünün gerçəkləşdirilməsi üçün dövlət qurumları ilə danışıqlar aparıldığını diqqətə çatdırıb. Müvafiq razılıq əldə edildikdən sonra bu barədə cəmiyyət məlumatlandırılacaq. O, həmçinin Zəfər Gününə qədər döyüşdə olmuş media təmsilçilərinin xatirələrinin yer aldığı kitabın nəşrinin planlaşdırıldığını diqqətə çatdırıb.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, toplantı Vətən Müharibəsinə döyüşçü kimi qatılmış media təmsilçilərinin əməyinə dəyər vermək baxımından əhəmiyyətlidir. Ş.Xuduoğlu həmin jurnalistlərin döyüş xatirələrinin kitab şəklində nəşrinin “Qanun” Nəşrlər Evi tərəfindən həyata keçiriləcəyini qeyd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Vətən müharibəsinin informasiya savaşı mərhələsindən söz açıb. O, jurnalistlərin həmin savaşda fədakarlıq göstərdiklərini vurğulayaraq bunun yekun zəfərin əldə edilməsində müstəsna rol oynadığını qeyd edib.MŞ sədri Vətən müharibəsi dönəmində Müdafiə Nazirliyinin mətbuat xidmətinin kifayət qədər operativ çalışdığını, buna görə xidmətin Şura tərəfindən xüsusi diplomla təltif edildiyini vurğulayıb və diplomu A.Eyvazova təqdim edib.

Müharibədə döyüşmüş jurnalistlərdən Pərviz Aslanov, Məğrur Əliyev, Fərid Teymurxanlı, Nurlan Əliməmmədov, Nahid Salayev, Mahal Məmmədov və digərləri çıxışlarında döyüş xatirələrini bölüşərək bildiriblər ki, 44 günlük Vətən Müharibəsində iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək onlar üçün böyük qürur və fəxarət anlarıdır və bu anlar ömür yollarında əbədi qalacaq. Onlar həmçinin Vətən Müharibəsi dövründə Azərbaycan xalqının birlik və bütövlük nümayişinin yekun qələbənin qazanılmasında müstəsna önəm daşıdığını vurğulayıblar.

Görüşdə müharibədə iştirak etmiş bir qrup jurnalistə Azərbaycan Mətbuat Şurasının bir neçə ay öncə təsis etdiyi “Qələmdən süngüyə” mükafatı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR