Veteranların iştirakı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib

“Nəsillərin görüşü” adlı konfrans

© APA | “Nəsillərin görüşü” adlı konfrans

# 01 oktyabr 2021 12:27 (UTC +04:00)

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.

Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bu günü deyil, gələcəyi baxımından da müstəsna rol oynadığını bildirib, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib. O, bir zamanlar veteran dedikdə yaşlı insanların göz önünə gəldiyini, bu gün zalda Vətən müharibəsinin 20 yaşlı qəhrəmanlarının olduğunu qeyd edib.

V. Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq: “Bu, dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir. Bundan sonra veteranlarla bağlı işi daha da gücləndirməyə ehtiyac var. Veteranlarla bağlı 100-ə qədər QHT fəaliyyət göstərir. Bu QHT-lərin içərisində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi yer tutur. Veteranlar hər zaman dövlətin diqqət mərkəzində olacaq”.

Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.

Polkovnik Elşad Əbilov Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfər qazanmasından danışıb.

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.

Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin, sadəcə, Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığını vurğulayıb. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan Ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.

Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR