VIII Qlobal Bakı Forumu çərçivəsində "Qida təhlükəsizliyinin təşviqi" adlı panel keçirilib

"Qida təhlükəsizliyinin təşviqi" paneli

© APA | "Qida təhlükəsizliyinin təşviqi" paneli

# 05 noyabr 2021 16:11 (UTC +04:00)

VIII Qlobal Bakı Forumu çərçivəsində "Qida təhlükəsizliyinin təşviqi" adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin moderatorluq edib.

Misirin keçmiş kənd təsərrüfatı və meliorasiya naziri Adil əl Beltaqi deyib ki, atmosferə emissiyaların atılmasının qarşısını tam almaq üçün 80 il lazım olacaq: “İqlim dəyişikliyi, temperaturun artması kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olacaq”.

Mavrikinin keçmiş prezidenti Amina Qurib-Fakim (2015-2018) qeyd edib ki, istixana qazlarının atmosferə atılması azaldılmalıdır: “Afrikada kənd təsərrüfatına yararlı torpaqlar geniş sahəni əhatə edir. Bu potensialdan səmərəli istifadə olunmalıdır”.

ABŞ Dövlət Departamentinin keçmiş elm müşaviri Nina Fedoroff iqlim dəyişikliyinin Karib hövzəsində ciddi problemlərə yol açdığını vurğulayıb: “İqlim dəyişikliyi inkişaf etməkdə olan ölkələrdə əhalinin daha da yoxsullaşmasına səbəb olur. Biz diqqətimizi biologiya və genetikaya yönəltməli, quraqlığa dözümlü kənd təsərrüfatı məhsulların yetişdirilməsi diqqət mərkəzində olmalıdır. GMO məhsulların istehsalı insan sağlamlığına o qədər zərər vermir, bu sahəyə diqqət artırılmalıdır. Biologiya və texnologiya sahəsində yeniliklərin kənd təsərrüfatına tətbiqi önəmlidir. Kənd təsərrüfatında yeniliklərin tətbiqi üçün bizə 30 il vaxt lazımdır. Yeni texnologiyalar nəticəsində fermer təsərrüfatlarında məhsuldarlığın artırılmasına nail ola bilərik. Bu baxımdan Niderlandın təcrübəsi göz önündədir”.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş alimi İsmahane Elouafi hazırkı kənd təsərrüfatının optimal olmadığını deyib: “Biz artıq qida zəncirini, kənd təsərrüfatı məhsullarının istehsalı qaydasını dəyişdirməliyik. Qida sahəsinin şaxələnməsi vacibdir. Pandemiya yoxsulluq səviyyəsini artırıb. Amma bizim şanslarımız da var, çünki texnologiya inkişaf edir. Elm həll yolları təklif edir. Bundan əlavə, biz həyat tərzimizi, ərzağın istehlakı yollarını da dəyişməliyik. İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, biomüxtəliflik bir-biri ilə bağlı olan məsələlərdir. Ərzaq sistemimizin şaxələnməsi bizə həll yolları verəcək, daha çox istehsalı artırmağa, daha az zəhmət və daha çox məhsul istehsal etməyə imkan verəcək. Bununla da qida çatışmazlığının qarşısını alacaq. Biz bütün bunları təbiəti imitasiya etməklə nail ola bilərik. Biz telefonsuz, internetsiz sağ qala bilərik. Amma ərzaq təhlükəsizliyi təmin olunmadan yaşamağımız mümkün deyil. Problemlərin həll yolu üçün indi ideal zamandır, çünki elm yeni innovasiyalar təklif edir”.

İsmahane Elouafi özəl sektora toxumçuluq sahəsində dəstək verməyi zəruri sayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin iqlim dəyişikliyi nəticəsində 2,5 milyard insanın quraqlıqdan əziyyət çəkdiyini nəzərə çatdırıb: “Afrikadan Avropaya miqrasiyanın qarşısını almaq üçün bu qitənin potensialından səmərəli istifadə olunmasını təmin etməliyik. Bu gün Afrikadakı insanlar qitənin potensialını kəşf etməyiblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR