“Virtual Diabet Məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib

Şəkərli diabet

© APA | Şəkərli diabet

# 08 dekabr 2021 17:51 (UTC +04:00)

Dekabrın 8-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Novo Nordisk şirkətinin dəstəyi ilə “Virtual Diabet Məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə əhali arasında diabetin profilaktikası və müalicəsi istiqamətində maarifləndirməni artırmaq məqsədi ilə yaradılmış onlayn platforma nümayiş olunub.

Mərasimdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Novo Nordisk şirkətinin Yaxın Şərq, Afrika və MDB ölkələri üzrə korporativ vitse-prezidenti Emil Larsen, Danimarkanın Azərbaycandakı səfiri Denni Annan, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, digər dövlət qurumlarının, səfirliklərin, beynəlxalq və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zaur Əliyev ölkədə 270 mindən çox şəxsin şəkərli diabetdən əziyyət çəkdiyini və dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib:

“Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yeni doğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır”.

Emil Larsen isə layihənin prioritet istiqamətlərindən danışıb: “Bu gün təqdim olunan platforma pasiyent və onlara qayğı göstərənlərə diabetə asan şəkildə nəzarət etmə, müalicə və sağlam həyat tərzinə riayət etməni asanlaşdırmaq məqsədilə yaradılıb. Pasiyentlərin istifadədə rahatlığı və asanlığı ilə seçilən müasir elektron vəsaitlə təmin edilməsi şəkərli diabetlə bağlı maarifləndirilmənin gücləndirilməsinə xidmət edəcək, eyni zamanda həkimlərin vaxtlarının qənaət olunmasına şərait yaradacaq”.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə həsr olunmuş videonun nümayişindən sonra çıxış edən Əhliman Əmiraslanov Azərbaycanda şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edən qanunvericilikdən danışıb: ““Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaradır”.

Soltan Məmmədov isə Heydər Əliyev Fondu tərəfindən 2004-cü ildən etibarən həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi haqqında məlumat verib. O layihə çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları və şpris qələmlərlə təmin olunması istiqamətində mütəmadi olaraq yardım göstərildiyini qeyd edib:

"Həmçinin Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixososial reabilitasiya təşkil olunur”.

Tədbir “Virtual Diabet Məktəbi” platformasının təqdimat videosunun nümayişi, layihə haqqında məlumatın iştirakçılara çatdırılması və müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, 15 yanvar 2021-ci il tarixində Agentlik və Novo Nordisk şirkəti arasında “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR