BDU-nun “Gənc istedadlar” liseyinin “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması ilə bağlı tədbir keçirilib

BDU-nun “Gənc istedadlar” liseyinin “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması ilə bağlı tədbir keçirilib
# 19 noyabr 2013 11:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) universitetin nəzdində “Gənc istedadlar” liseyinin 2012/2013-cü tədris ilində keçirilmiş “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması münasibətlə tədbir təşkil olunub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, indiyədək 5 buraxılışı olan liseyin məzunlarının hamısı dövlət ali məktəblərinə qəbul olunub, onlardan bir çoxu prezident təqaüdünə, qızıl medala layiq görülüb, xarici universitetlərə daxil olublar.

Rektor eyni zamanda lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlardan da danışıb: “Əldə olunan uğurlar bütün hallarda olduğu kimi dövlət başçımızın diqqətindən kənarda qalmayıb. Elə bunun nəticəsidir ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə lisey “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb”.

Daha sonra “Lisey inkişaf və yüksəliş yollarında” mövzusunda liseyin direktoru, professor Qasım Hüseynov çıxış edib. Liseyin başlıca vəzifəsinin gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirməkdən ibarət olduğunu deyən Q. Hüseynov liseyə marağın ildən-ilə artmasından, əldə olunan nailiyyətlərdən bəhs edib: “2007-2008-ci il tədris ilində liseyin Azərbaycan və rus bölmələrinin 10 sinfində 200 şagird təhsil alırdısa, hazırda liseyin 26 sinfində 518 şagird təhsil alır”.

Tədbirdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təsili şöbəsinin müdiri Gültəkin Hüseynova, Təhsil Problemləri İnstitutun direktoru Qulu Novruzov da çıxış edib.

Daha sonra bədii hissə olub, xalq artisti Alim Qasımovun ifaları maraqla qarşılanıb. Sonda rektor A. Məhərrəmov tərəfindən incəsənət nümayəndələrinə BDU-nun xatirə hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR