Məhəmməd Yunus: “Çox pul qazanmaq xoşbəxtlikdir, lakin başqa insanların xoşbəxtliyinə nail olmaq daha böyük xoşbəxtlikdir”

Məhəmməd Yunus: “Çox pul qazanmaq xoşbəxtlikdir, lakin başqa insanların xoşbəxtliyinə nail olmaq daha böyük xoşbəxtlikdir”
# 20 iyun 2016 15:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanda səfərdə olan Nobel mükafatı laureatı Məhəmməd Yunus ADA Universitetində “Biznesin sosial məsuliyyətliliyi” mövzusunda mühazirə oxuyub.


APA-nın xəbərinə görə, mühazirədə diplomatik korpus nümayəndələri, millət vəkilləri, universitetin müəllim-tələbə heyəti, media təmsilçiləri iştirak edib.

M. Yunus bildirib ki, onun mikroiqtisadiyyat və mikrokreditlərlə bağlı əsas fəaliyyəti ölkəsi Banqladeşin müstəqillik əldə etdiyi 1971-ci ildən sonraya təsadüf edir. Həmin illərdə ABŞ universitetlərinin birində dərs dediyini nəzərə çatdıran Nobel mükafatçısı müstəqillik əldə etdikdən sonra ölkəsinin iqtisadi cəhətdən dağılmış və qanlı toqquşmaların baş verdiyi bir yer olduğunu bildirib.

M. Yunus deyib ki, Banqladeşə qayıtdıqdan sonra ölkəsində aclığa, qıtlığa son qoymaq üçün əksəriyyəti qadınlar olmaqla, yoxsul insanlara mikrokreditlər verərək onların həm öz tələbatlarını ödəməsinə şərait yaradıb, həm də kiçik təşəbbüslərini dəstəkləyib. M. Yunus 1983-cü ildə bu məqsədlə “Grameen” adlı bankın əsasını qoyub: “Həyata keçirdiyim işlər insanlara yardımçı olurdu, bu isə məni daha da həvəsləndirirdi”.

Mühazirə zamanı auditoriyadakı tələbələrə müraciət edən M. Yunus onların bəşəriyyət tarixinin ən bəxtəvər nəsli olduğunu bildirib: “Siz bəşəriyyət tarixinin ən güclü nəslisiniz. Çünki sizin əlinizdə bizim əlimizdə olmayan texnologiyalar var. Siz adi insan kimi görünürsünüz, lakin əslində super insanlarsınız, supermensiniz. Zehninizi açıq tutun, öz qərarlarınızın arxasınca gedin”.

Məhəmməd Yunus qeyd edib ki, təşəbbüslərinin davamı olaraq fəaliyyətini insanların problemlərini həll edən yeni biznes növü - sosial biznes üzərində qurub. Onun sözlərinə görə, biznesdə gəlirdən başqa, digər həvəsləndirici amillər də mövcuddur: “Çox pul əldə etmək xoşbəxtlikdir, lakin başqa insanların xoşbəxtliyinə nail olmaq daha böyük xoşbəxtlikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR