Təhsil Nazirliyi "Thomson Reuters"lə əməkdaşlıq müqaviləsi imzalayıb

Təhsil Nazirliyi "Thomson Reuters"lə əməkdaşlıq müqaviləsi imzalayıb
# 22 dekabr 2015 09:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA Bu gün Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, şirkət ilə əməkdaşlığın məqsədi ali təhsil müəssisələrinin rəqabətli və dayanıqlı etmək üçün alimlərə, tədqiqatçılara və tələbələrə müasir elmdə istifadə olunan bütün alətləri verməkdir. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradacağını deyib: "Bu baxımdan müqavilənin əhəmiyyəti böyükdür. Hazırda Azərbaycanda keçirilən siyasət çərçivəsində elmimiz dünya elmi ilə inteqrasiya edir. Bu müqavilə 40 ali təhsil müəssisəsinə şamil edilcək".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün müqavilənin əhəmiyyətini qeyd edərək, Azərbaycan elminin inkişafında mühüm rol oynayacağını vurğulayıb.

“Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din dünyada məşhur elmi platforma olan “Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.

Sonra müqavilə imzalanıb.

Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science" platformasına (“Science Citation İndex Expanded" (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex" (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex" (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex" (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCite" bazasına tam çıxış əldə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR