YAP Mərkəzi Aparatında KİV nümayəndələri ilə görüş keçirilib

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov,  jurnalistlərlə görüş

© APA | YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, jurnalistlərlə görüş

# 22 iyul 2021 15:27 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 iyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

YAP-dan APA-ya verilən məlumata görə, görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tahir Budaqovun sözlərinə görə, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.

YAP Sədrinin müavini qeyd edib ki, keçmiş sovetlər ittifaqı dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxlamağa nail olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başlayıb. Bu dövrdə ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.”

Tahir Budaqov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu xüsusi vurğulayıb.

Tahir Budaqov həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu da diqqətə çatdırıb: "Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Prezidentin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir".

Postmüharibə dövründə də informasiya müharibəsinin davam etdiyini deyən Tahir Budaqov Azərbaycan mediasının bu dövrdə də öz missiyasını uğurla yerinə yetirdiyini qeyd edib.

Həmçinin bildirilib ki, 22 iyul-Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş ənənə halını alıb və Yeni Azərbaycan Partiyası mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Yeni Azərbaycan Partiyası bundan sonra da əməkdaşlığın güclənməsinə maraqlıdır.

Sonra görüşdə iştirak edən jurnalistlərə mükafatlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR