Yol polisi AVRO-2020-nin sabah Bakıda keçiriləcək oyunu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib - YENİLƏNİB

Yol polisi  AVRO-2020-nin sabah Bakıda keçiriləcək oyunu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib - YENİLƏNİB
# 02 iyul 2021 16:08 (UTC +04:00)

AVRO-2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol oyunu ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyat vasitələri üçün hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Bunu APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib: “Avropa futbol çempionatının növbəti oyunu 3 iyul 2021-ci il tarixdə Olimpiya stadionunda keçiriləcək. Bu məqsədlə təhlükəsizlik tədbirləri müəyyən edilib və icra olunacaq. Futbol azarkeşlərinin, paytaxt sakinlərinin, avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu və ona bitişik olan bütün prospektlər, bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb və gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib.

Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də, qonaqpərvərliyin mühitinin yaradılması üçün Bakı şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə təkrarən müraciət edir. Olimpiya stadionuna və ona bitişik olan Böyük Şor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrindən, eləcə də, Heydər Əliyev prospekti ilə 1 saylı Asan Xidmətin yanından və Hava Limanından mərkəzə doğru Heydər Əliyev prospektindən Olimpiya stadionu ilə əsas giriş qapısı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.

Qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edirik. Məlum olduğu kimi, azarkeşlərin stadiona Qara Qarayev metrostansiyası yanından, Səməd Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla daşınması, piyada isə Koroğlu metrostansiyasından nəzərdə tutulur. Oyunun başlanılması pik saatlara təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur. İnanırıq ki hər zaman olduğu kimi bu gündə vətəndaş polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və informasiya təhlükəsizliyi qaydalarına riayət etməklə nizam intizamlı olmağı tövsiyə edirik”.

***

13.39

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi AVRO 2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə APA-ya İdarənin baş inspektoru, mayor Araz Əsgərli bildirib. Müraciətdə qeyd olunub ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyük Şor bulvarı, Atlerlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı "Asan Xidmət"in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:

"Həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilər. Sürücülərdən xahiş edirik ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar. Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun Qara Qarayev stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR