“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb
# 01 iyul 2021 10:46 (UTC +04:00)

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu yarımfinal mərhələsinin nəticələrini elan edib.

Müsabiqənin təşkilat komitəsindən APA-ya verilən xəbərə görə, yarımfinal mərhələsinə müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 309 iştirakçıdan 298 nəfəri qatılıb.

Onlardan 112 nəfəri finalda iştirak etmək hüququ qazanıb.

Yarımfinalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.

Finala keçən 112 nəfərdən 21-i eyni nəticə göstərərək 19 bal toplayıb. Müsabiqənin Təşkilat Komitəsi və qiymətləndirici ekspertlər eyni balı toplayan iştirakçıların hər birinin yarımfinalda nailiyyətlərinin düzgün və ədalətli qiymətləndirilməsi baxımından, onların finalda iştirakının təmin edilməsinə qərar verib.

İştirakçılar arasında 1 nəfər maksimum sayılan 30 balı əldə edib. Ümumilikdə finalda iştirak haqqı qazanan namizədlərdən 13 nəfəri qadındır.

Qeyd edək ki, final mərhələsindən uğurla keçən 20 namizəd qalib elan olunacaq və qaliblərin hər birinə 20 min AZN məbləğində qrant təqdim ediləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfəri müsabiqəyə qəbul edilib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR