Zəfər Yarmarkasından əldə olunan gəlir "YAŞAT" Fonduna ianə ediləcək

Zəfər Yarmarkasından əldə olunan gəlir "YAŞAT" Fonduna ianə ediləcək
# 29 oktyabr 2021 15:43 (UTC +04:00)

"Bu gündən etibarən noyabrın 9-na qədər davam edəcək Azərbaycana xalqının böyük qələbəsinə həsr olunan Zəfər Yarmarkasından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı ilə bağlı "YAŞAT" Fonduna ianə ediləcək".

APA-nın məlumatına görə, bunu Zəfər Yarmarkasında jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Onun sözlərinə görə, sərgi müddətində müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər:

"Həmçinin Müdafiə Nazirliyi tərəfindən kiçik də olsa hərbi şəhərcik yaradılıb. Məhz burada olan silah və texnikalar 44 günlük Vətən Müharibəsində ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır.

Ümumilikdə Zəfər Yarmarkası 12 gün davam edəcək. Havanın yağışlı, çiskinli olmasına baxmayaraq paytaxt sakinlərini və qonaqları geniş və zəngin proqramı olan yarmarkada iştiraka dəvət edirik".

Qeyd edək ki, Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” yarmarkası “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.

Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.

Yarmarkanın ilk günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik mahnıları səsləndirilib.

Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR