5 ildə 10794 nəfər dövlət qulluğu sertifikatı alıb

5 ildə 10794 nəfər dövlət qulluğu sertifikatı alıb
# 09 aprel 2021 14:33 (UTC +04:00)

5 ildə dövlət qulluğuna qəbul üzrə 35 test imtahanı və 75 sınaq imtahanı keçirilib. Test imtahanlarında iştirak etmiş 30959 namizəddən 10794 nəfəri uğurlu nəticə göstərərək dövlət qulluğu sertifikatı əldə etmək hüququ qazanıb.

APA-nın məlumatına görə, bu barədə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Mərkəzin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində bildirilib.

Qeyd olunub ki, dövlət qulluğuna qəbul üzrə 52 müsabiqə, 31 ümumi müsahibə elanı verilib və elan edilmiş 291 daxili müsahibə üzrə müsahibələrin keçirilməsi təmin edilib. Eyni zamanda, 10192 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsi, 1262 vəzifə üzrə ümumi müsahibə və 2200 vəzifə üzrə daxili müsahibə elanı verilib.

Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun və dövlət orqanlarının kadr tələbatının ödənilməsinin təmin edilməsi məqsədilə, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 2020-ci il iyulun 1-dən etibarən dövlət qulluğu üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.

Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə Mərkəz tərəfindən 41346 müsahibənin keçirilməsi planlaşdırılsa da, 15702 müsahibə, o cümlədən 12091 müsabiqə üzrə müsahibə, 1815 ümumi müsahibə və 1796 daxili müsahibə keçirilib. Keçirilmiş müsahibələrin 3568-i onlayn qaydada təşkil edilib.

Məqalədə bildirilib ki, müsahibədən müvəffəqiyyətlə keçmiş 3873 namizəd, o cümlədən müsabiqə üzrə 1984, ümumi müsahibə üzrə 667, daxili müsahibə üzrə isə 1222 namizəd dövlət orqanlarında vakant olan inzibati vəzifəyə təyin edilib.

Qeyd olunub ki, dövlət qulluğu ilə əlaqədar müxtəlif mövzularda təlim modulları hazırlanıb və təlimlər təşkil edilib. Təlimlərdə 5 minə yaxın vətəndaş iştirak edib. Eyni zamanda, Mərkəz tərəfindən dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə 10 təlim modulu və onların proqramları hazırlanıb.

Mərkəz tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun, fərman və qərar layihələri hazırlanıb. Dövlət qulluğuna dair ümumilikdə 1 məcəllə, 15 qanun, 16 fərman, 11 qərar və 5 sərəncam layihəsi hazırlanıb. Həmin layihələrdən əksəriyyəti təsdiq edilib, digərləri ilə bağlı müzakirələr aparılmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR