AzTV-də Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib

#
# 16:49
12 aprel 2021

Aprelin 12-də “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

APA-nın məlumatına görə, AzTV sədri Rövşən Məmmədov iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət etmək olduğunu deyib: "Bu gün Azərbaycan televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Buna görə də ayda iki dəfə Bədii Şura üzvlərini yığmağı planlaşdırırıq. Nəzərə alsaq ki, pandemiya şəraitindəyik, hələlik ayda bir dəfə də təşkil etmək olar. Gələcəkdə iclasları videoformatda da təşkil edə bilərik. Yaxın iki il ərzində birgə fəaliyyətimiz zamanı tərifdən çox tənqidləri eşitmək istərdik". 

R.Məmmədov qeyd edib ki, hazırda AzTV-də yalnız tərif eşidilmir, tənqidlər də olur: "Bəzən nazirliklərdən zəng edib, bizdən incidiklərini deyirlər. Lakin bilmək lazımdır ki, AzTV hər hansı qurumun mətbuat orqanı deyil". 

Bədii Şura üzlərini seçərkən ictimaiyyətin hörmətini qazanmış şəxslərə üstünlük verdiklərini deyən sədr yaxın gələcəkdə regionlara səfər etmək niyyətində olduqlarını vurğulayıb: "AzTV dövlətin, xalqın güzgüsüdür, onun üçün biz hər hansı addımı atarkən yüz ölçüb bir biçirik. Ümumiyyətlə, Azərbaycan xalqının gözü Azərbaycan televiziyasıdır. Hər hansı uğurlu addım ictimaiyyətin müəyyən təbəqəsi üçün uğursuz ola bilər. Ona görə də biz Bədii Şurada yeni verilişləri də müzakirəyə çıxaracaq, o cümlədən solistləri seçərkən Şura ilə məsləhətləşəcəyik. İnanıram ki, yaxın iki ildə bizi zəngin, çox çeşidli fəaliyyət gözləyir". 

Daha sonra Bədii Şuranın üzləri - Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artisti Ofeliya Sənani, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri çıxış edib təklif və iradlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR