“Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunmuş vebinar keçirilib

“Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunmuş vebinar keçirilib
# 26 aprel 2021 15:57 (UTC +04:00)

Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinar keçirilib.

Agentlikdən APA-ya verilən məumata görə, tədbir 23 Aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və 26 Aprel - “Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov yaşadığımız tarixi dövrün miflərin dağıldığı, həqiqətin zəfər çaldığı dövr olduğunu bildirib.

O vurğulayıb ki, məkrli planlara görə, erməni dövlətində yeganə millət kimi qalan və yaşayan etnosun şüuru millətçilik dumanına bürünərək, daha uğurla kök atmalı və bəhrələr gətirməli idi. Çünki saxta mifologemlərlə razılaşmayanların etiraz səsi çıxmır, digər etnosların etiraz edə biləcək fikirləri səslənmir, heç bir etiraz dalğası formalaşmır. Süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar xalqın şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququ, yəni müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilir. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.

Agentliyin rəhbəri bildirib ki, bugünkü möhtəşəm tarixi zəfərimizin nəticəsi uydurmaların dağıdılmasıdır. Onun sözlərinə görə, bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir.

"Biz faktiki olaraq bu ərazilərdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq.

Tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə Alban xristian abidələrin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin "sübutlarına" çevrilməli olan yeni yazıların həkk edilməsindədir".

Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış ediblər və tədbirin işinə uğurlar arzulayıblar.

Vebinarda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında”, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru Kərim Şükürovun “İşğaldan azad edilmiş sənət abidələri, daşınan və daşınmaz tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” və Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Qarabağ xristian abidələri barədə” məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR