Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir

Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir
# 26 aprel 2021 12:48 (UTC +04:00)

Bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi qanun layihəsi müzakirə edilib.

APA-nın məlumatına görə, iclasda komitənin sədri Tahir Mirkişili, komitə üzvləri, o cümlədən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov da iştirak ediblər.

Qanun layihəsi “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə uyğun olaraq hazırlanmışdır. Həmin dəyişikliyə əsasən dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə müddətlərdən asılı olaraq fərqli dövlət rüsumunun tutulması nəzərdə tutulub.

Təklif olunan qanun layihəsi də ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq (hazırda praktikada geniş istifadə edilir) dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişidirilməsi üçün fərqli müddətlər (on, beş və ya bir iş günü) müəyyən edir. Yeni layihəyə əsasən Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.

Qeyd edək ki, qanunda olan mövcud praktikaya görə Dənizçinin şəxsiyyət sənədinin verilməsi (müddət göstərilmir) üçün 30 manat rüsum ödənilməsi tələb olunurdu.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR