FHN müharibədə problemlər yaşayan vətəndaşlara türkiyəli mütəxəssislərlə birgə Qəbələdə psixoloji yardım göstərir - FOTO

FHN müharibədə problemlər yaşayan vətəndaşlara türkiyəli mütəxəssislərlə birgə Qəbələdə psixoloji yardım göstərir - FOTO
# 22 aprel 2021 12:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirir.

Bakı şəhəri ilə yanaşı, aprelin 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprelin 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində Türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, müharibənin təsiri nəticəsində yuxusuzluq və eşitmə problemi, kəkələmə, kəskin stress reaksiyası, iştahasızlıq problemi ilə üzləşən, qıcıqlara sərt reaksiya verən insanlar Qəbələ şəhərində türkiyəli klinik-psixoloq Mustafa Keskinin rəhbətlik etdiyi mütəxəssislərə müraciət edirlər.

Müharibə iştirakçıları reabilitasiya prosesində minimum 3 seans iştirak etdikdən sonra onların psixoloji durumu normallaşmağa başlayır.

Ödənişsiz təşkil edilən bu seanslarda iştirak etmək istəyən şəxslər FHN-nin “112” qaynar xətt telefonu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçir.

Qeyd edək ki, bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib. Ötən müddət ərzində ümumilikdə 1576 nəfərə, o cümlədən 130-a yaxın uşaq və yeniyetməyə 3305 seans psixoloji yardım göstərilib. Şimal-qərb bölgəsi üzrə 80 vətəndaş, o cümlədən 2 uşağa 130-dan artıq seans keçirilib. Hazırda psixoloji yardım işi Bakı şəhəri, cənub bölgəsini əhatə etməklə Lənkəran şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR