Fuad İsmayılov: "Ölkənin hər rayonunda hərbçi və şəhid ailələrinə psixoloji yardım mərkəzləri yaradılmalıdır"

Fuad İsmayılov: "Ölkənin hər rayonunda hərbçi və şəhid ailələrinə psixoloji yardım mərkəzləri yaradılmalıdır"
# 20 aprel 2021 12:25 (UTC +04:00)

Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərməklə məqsədilə yaradılan mərkəzlərlər artıq fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.

O bildirib ki, bu vacib, geniş miqyaslı iş Nazirlər Kabinetinin qərarından sonra iki ay müddətində öz həllini tapıb: “Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradılıb. Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elektron baza məlumatların işlənməsi, digər dövlət qurumları ilə əməkdaşlığın koordinasiyası və hesabat sistemi kimi mühüm addımlardan ibarət fəaliyyət planı işlənib hazırlanıb. Bu müddət ərzində FHN, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ƏƏSMN və digər dövlət strukturlarının nümayəndələri ilə çox saylı görüşlər keçirilib. Görülən işlərin nəticəsində 15 martdan etibarən psixoloji yardım mərkəzləri qazi və şəhid ailələrinə xidmət göstərməyə başlayıb.

F.İsmayılov psixoloji yardım mərkəzlərinin Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi rayon xəstəxanalarının ambulator şöbəsində yaradıldığını vurğulayıb. Həmin mərkəzlər Gəncə şəhərində 6 saylı, Sumqayıt şəhərində 3 saylı poliklinikada yerləşir: “Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri ATU-nin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı poliklinika, Yasamal rayonu 16 saylı poliklinika və Qaradağ rayonu 19 saylı BŞX- da fəaliyyət göstərir. Bununla yanaşı, Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər. Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənib, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir”.

Mərkəzlərdə müraciət edən bütün qazi və şəhid ailəsi üzvlərinə yardım göstərilir. Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. FHN-nin 112 qaynar xətt xidməti tərəfindən də bu proses həyata keçirilir. Eyni zamanda yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar yerinə yetirir.

“Hazırda müxtəlif müəssisələr tərəfindən həftəlik təxminən 500 qaziyə yardım göstərilir. Bunların 2/3 hissəsi ilkin, 1/3 hissəsi təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən psixoloji yardım 3 növdə göstərilir - təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən və uzun müddətli yardım (psixososial reabilitasiya) Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin müəssisələrində göstərilir”, deyə F.İsmayılov bildirib.

O, aktiv psixoloji yardım və pasiyentlərin sağalması prosesi nəticəsində bu yardıma tələbat azalacağını gözlədiklərini diqqətə çatdırıb: “Psixoloji yardıma ehtiyacı olan qazilərin sayı da azalacaq. Eyni zamanda qazilərin bir hissəsinin uzun müddətli psixoloji dəstəyə ehtiyacı qalacaq. Həmçinin qazilərin sayı azaldıqca bizim mütəxəssislər işsiz qalmayacaq. Cəmiyyətdə həmişə psixoloji çətinliklərlə üzləşən çox insan var. Perspektiv olaraq bu mərkəzlər həmin şəxslərə aktiv şəkildə yardım göstərə bilərlər. Fikrimcə tək böyük şəhərlərdə deyil, ölkənin hər rayonunda psixoloji yardım mərkəzləri yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR