Gəncədə Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərə, zərər çəkən şəxslərə ərzaq yardımı paylanıb

Gəncədə Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərə, zərər çəkən şəxslərə ərzaq yardımı paylanıb
# 30 aprel 2021 23:10 (UTC +04:00)

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Gəncədə Vətən müharibəsi zamanı şəhid olanların ailələrinə, qazilərə, zərər çəkən şəxslərə ərzaq yardımı paylayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yardım Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyi, habelə TİKA və Cavadxan Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə gerçəkləşib.

Türkiyədə Hacı Bektaş Veli ili və TİKA-nın “Erenler Sofrası” layihəsi çərçivəsində reallaşan bu aksiyada Gəncədə 250 aztəminatlı ailəyə yardım olunub. Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bildirib ki, “Erenler Sofrası” kampaniyasında TİKA Bakı Ofisi vasitəsi ilə Azərbaycanda müxtəlif sahələrdə bir çox layihələrə dəstək olub, həmçinin, ehtiyac sahiblərinə 2500 yardım paketi paylayıb.

“Qardaşlığımızın tarixdən gəldiyinə işarə olaraq, könüllü dəstəyimizlə iki dövlət - bir millət olduğumuz Can Azərbaycanın sevinci və kədəri ilə bərabər olmağa davam edəcəyik”, deyə Zeki Öztürk qeyd edib.

Cavadxan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov bu addımı Türkiyə Azərbaycan qardaşlığının bariz nümunəsi olduğunu vurğulayıb.

“ Türk qardaşlarımız tərəfindən bizə göstərilən istər mənəvi, istər maddi, istərsə də diplomatik dəstəyə görə öz minnətdarlığımızı bildiririk. Bu dostluq və qardaşlıq əbədi olaraq davam edəcəkdir”, deyə o əlavə edib.

Qeyd edək ki, bu il Türkiyənin üç dahi mütəfəkkiri Yunus Emre, Hacı Bektaş Veli və Ahi Evranın UNESCO və Türkiyə tərəfindən anım ili elan olunub. Bu münasibətlə TİKA dünyada “Erenler Sofrası Ramazan Proqramı”nı təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR