"Yüksəliş" müsabiqəsinin növbəti imtahan mərhələsi keçirilir

"Yüksəliş" müsabiqəsinin növbəti imtahan mərhələsi keçirilir
# 12 sentyabr 2020 10:53 (UTC +04:00)

"Yüksəliş" müsabiqəsinin növbəti imtahan mərhələsi keçirilir. İmtahan xüsusi formatda hazırlanıb".

APA-nın məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini və "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, imtahan pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun keçirilir: "Bu gün 11 bölgədə 24 məkanda imtahan keçirilir. Əslində əvvəlcə nəzərdə tutulmuşdu ki, imtahan bir məkanda keçirilsin. 940 nəfər bu mərhələyə keçib. Bu imtahanı müvəffəqiyyətlə verən 300 nəfər yarımfinala keçəcək. Gənclər və İdman, Təhsil Nazirlikləri və DİM nümayəndələri birgə işləyir, iştirakçılara 4 blok üzrə sual verilir, hər blok üzrə vaxt ayrılıb, bu, ilk dəfə tətbiq olunan mexanizmdir. ABŞ və Kanada təcrübəsinə uyğun suallar götürülüb. Xüsusi psixoloji test də keçiririk, 75 belə test verilib. Bununla onların psixoloji portreti bilinəcək. Əsas məqsəd kadr formalaşdırmaqdır, yaş həddi 21-50-dir və müəyyən iş təcrübəsinə malik olmaq lazımdır".

F. hacıyev deyib ki, müsabiqənin yarımfinal mərhələsi daha çox kütləvilik tələb etdiyindən pandemiya ilə əlaqədar icazə verilsə, dərhal keçiriləcək: "Bugünkü imtahan 2 hissədən ibarətdir - yoxlama və idarəçilik qabiliyyətini müəyyən edən əsas imtahan. Yoxlama imtahanında müəyyən bal toplamayan digər imtahana keçməyəcək. İmtahanlar arasında 3 saat vaxt olacaq. Azərbaycanda dövlət qulluğuna qəbul da testlədir, amma dövlət tərəfindən ilk dəfə belə yanaşma var. Potensial idarəçilik işində çalışa biləcək istənilən kriteriyalara malik insanlar seçiləcək. Burada biliklə yanaşı, təcrübə və bacarıqlar da vacibdir. Bu müsabiqənin yekunlaşması ilə finala 100 nəfər keçəcək və qaliblər elan olunandan bir müddət sonra yeni mərhələyə başlanılacaq. Yarımfinal və final mərhələsinin keçirilməsi üçün hazırlıq görülüb, icazə verilsə, növbəti həftələrdə keçiriləcək".

Daha sonra media nümayəndələri imtahan prosesini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR