ADA Universiteti tanınmış fotojurnalist Reza Diqqati ilə layihəyə başlayıb

​​​​​​​ADA Universitetinin  loqosu

© APA | ​​​​​​​ADA Universitetinin loqosu

# 07 may 2021 13:16 (UTC +04:00)

ADA Universiteti Qarabağın tarixi irsini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə tanıtmaq üçün yeni layihəyə başlayıb.

Universitetdən APA-ya bildirilib ki, "Qarabağın ruhu" ("The Soul of Karabakh") layihəsi dünyaca məşhur fotojurnalist Reza Diqqati ilə birgə həyata keçiriləcək.

Layihə çərçivəsində bir neçə xarici dildə (fars, fransız, ingilis, ispan, rus, erməni və s.) fəaliyyət göstərən veb-sayt hazırlanacaq. Veb-saytın müxtəlif bölmələrində Qarabağın memarlığını, incəsənətini, musiqisini, ədəbiyyatını, təbiətini və bu bölgəyə məxsus dəyərləri əks etdirən vizual və yazılı məlumatlar əksini tapacaq.

Saytda Reza Diqqatinin 1992-ci ildən, Birinci Qarabağ müharibəsindən 44 günlük Vətən müharibəsinədək Qarabağla bağlı çəkdiyi və beynəlxalq sərgilərdə nümayiş etdirilən şəkilləri yer alacaq.

"Layihə Qarabağın dünənini və bu gününü anlaşıqlı dildə, yəni fotoqraf gözü və şəkillərin dili ilə dünyaya çatdıracaq. Qarabağda aparılan yenidənqurma və bərpa işlərini əks etdirən şəkil və məlumatlar isə Qarabağın gələcəyini əks etdirəcək.

Şəkillər "danışır" və onlar Qarabağ həqiqətlərini ən bariz formada beynəlxalq ictimaiyyətə çatdıracaq", - deyə Reza Diqqati bildirib.

Qeyd edək ki, Reza Diqqati İkinci Qarabağ Müharibəsi zamanı da ölkəmizə səfər edib, bu bölgədə şəkillər çəkərək müharibəni işıqlandırıb.

Hazırda yenidən ölkəmizə səfərdə olan səyyah-fotoqraf layihə ilə bağlı işğaldan azad edilmiş əraziləri qarış-qarış gəzəcək və bu bölgədə ilin sonunadək foto çəkilişlər həyata keçirəcək.

Bundan əlavə, Azərbaycan əsilli fotoqraf ADA Universitetinin təşkilatçılığı ilə mədəniyyətimizin tərkib hissəsi olan Qarabağ irsini tanıtmaq məqsədilə yerli və xarici universitetlərdə, beyin mərkəzlərində mühazirələr verəcək. O, layihə müddətində yerli mətbuat nümayəndələri və tələbələr üçün təlimlər keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR