Agentlik təcili tibbi yardım işçilərinin etirazına münasibət bildirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

© APA | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

# 07 may 2021 11:30 (UTC +04:00)

Ötən gün 9 saylı Təcili Yardım Stansiyasının işçiləri etiraz aksiyası keçirib.
Stansiyanın onlarla işçisi koronavirus pandemiyası səbəbilə maaşlarına edilməli olan əlavələrin düzgün hesablanıb verilməməsinə etiraz ediblər.

APA-nın məlumatına görə, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olub, bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib. Qeyd olunub ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib: “Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır”.

Agentlikdən həmçinin bildirilib ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR