Əcnəbi və vətəndaşlığı olmayanların əcnəbi uşağı övladlığa götürməsi proseduru müəyyənləşib

#
# 14:49
9 aprel 2021

Əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi proseduru müəyyənləşib

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Beləliklə, əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunacaq.

Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər aşağıdakılardır:

- uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları )olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

- uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;

- övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

- övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

- yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR