Xatirə İslamın “Muğam dəstgahı” videodiskinin təqdimat mərasimi keçirilib

Xatirə İslamın “Muğam dəstgahı” videodiskinin təqdimat mərasimi keçirilib
# 08 fevral 2007 15:08 (UTC +04:00)
Sənətçi Xatirə İslamın “Muğam dəstgahı” video diskinin (DVD) təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, diskdə 5 muğam yer alıb. Təqdimat mərasimində çıxış edən sənətçi bildirib ki, videodiskin hazırlanması üçün uzun müddət çalışıb. Diskin hazırlanmasında xalq artisti İslam Rzayevin xüsusi xidmətləri olduğunu vurğulayan X. İslam sənətdəki uğurları onun sayəsində qazandığını bildirib: “Bu DVD-nin hazırlanması üçün İslam müəllimlə birgə uzun aylar işləmişik. Muğamları estrada müğənnisi kimi ifa etdiyim üçün səhvlərimi tutmaq lazım deyil. Fikrimcə, hər bir estrada müğənnisi, ümumiyyətlə, özünü sənətçi adlandıran şəxs muğam ifa etməyi bacarmalıdır. Muğama müraciət etməyim isə ona olan məhəbbətdən irəli gəlir. Diski hazırlayan zaman ən çox çətinliyim “Mirzə Hüseyn” muğamını ifa etməyim olub. Bu muğam çox ağırdır, olduqca böyük iradə tələb edir”. Sənətçinin sözlərinə görə, hazırda səhnəmizdə olan muğam ifaçıları ilə birgə oxuya bilər: “3 klipin pulunu bu muğam dəstgahının işıq üzü görməsinə xərcləmişəm. Muğamdan isə pul götürmək qeyri-mümkündür. Muğam şou-biznes deyil”. Hazırda M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam konsertinə hazırlaşdığını deyən sənətçi yaxın zamanlarda xarici ölkələrə də səfər edəcək. Səfər zamanı X. İslam muğam konserti ilə çıxış edəcək: “Bu gün dünyanı ancaq muğamla heyrətə gətirmək olar. Estrada heç kimi təəccübləndirmir, çünki hər bir yerdə estrada var. Ancaq muğam Azərbaycana məxsusdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR