Coşqun Rəhimovun aparıcılığı ilə “Mister X” adlı yeni realiti-şou başlayır

Coşqun Rəhimovun aparıcılığı ilə “Mister X” adlı yeni realiti-şou başlayır
# 22 may 2007 10:42 (UTC +04:00)
Mayın 26-da “Lider” telekanalında aktyor Coşqun Rəhimovun aparıcılığı ilə “Mister X” adlı yeni realiti-şou layihəsinə start veriləcək. Bu münasibətlə layihənin təşkilatçıları və layihənin rəhbəri Həsən Əliyev mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən H.Əliyev bildirib ki, artıq layihənin başlanması üçün bütün işlər hazırdır: “Layihəyə mayın 26-da 90 dəqiqəlik canlı olaraq 15 nəfər iştirakçının seçimi və ulduzların da iştirak etdiyi konsert proqramı ilə start veriləcək. Bundan sonra iyunun 1-dən 30-na kimi hər gün 2 dəfə axşam efiri 22:30-da, günorta efiri isə 14:00-16:00 aralığında 15 dəqiqəlik efirə çıxması planlaşdırılır. Layihəni təşkil etməkdə əsas məqsədimiz öz bacarığına və qabiliyyətinə inanan, amma indiyə kimi özünə iş yeri tapa bilməyən gənclərə ümid vermək, onları “Mister X” layihəsində işlə təmin etmək, onlara hər gün artmaq şərti ilə maaş vermək, onların öz işlərinin öhdəsindən necə gəlmələrini və kollektivə necə uyğunlaşmalarını hər gün efirdə göstərmək, gənc kadrlara ehtiyacı olanların gələcəkdə layiqli işlə təmin olunmasında yaxından yardımçı olmaqdır”. Layihə rəhbəri deyib ki, layihənin ən uğurlu tərəflərindən biri verilişin ilk 15 günündə layihəni tərk edəcək iştirakçının yerinə tamaşaçıların SMS göndərib layihədə birbaşa iştirak etmək şansı da var: “Bu layihə ofisdə gerçəkləşəcək. Ofisdə hər bir insan gördüyü işin müqabilində vəzifə daşıyacaq və 10-50 manat arasında əmək haqqı alacaq. Maaşlar iştirakçıların özündə qalacaq. Ofisdə ən aşağı iş mətbəx işi olacaq. İlk gün iştirakçıların hansı işlə məşğul olması tamaşaçıların göndərdikləri SMS-lər vasitəsilə müəyyənləşəcək. Daha sonra isə hər bir kəs gördüyü işin müqabilində yüksələcək. Bütün bu prosesləri izləmək və əmək haqqı ödəmək üzü bağlı, yalnız çox tanınmış bir insan olan “Mister X” tərəfindən həyata keçiriləcək”. H. Əliyev layihənin qalibinə 20 000 AZN-in təqdim olunacağını qeyd edib. O, gələcəkdə bu şouda tanınmış insanların iştirak edəcəyini də istisna etməyib. Şounun aparıcısı olan C. Rəhimov ofisdə baş verən heç bir qalmaqala qarışmayacağını və ciddi aparıcı olacağını deyib: “Bu verilişin baxımlı olması üçün çox şey edəcəyəm. Əminəm ki, layihəmiz davamlı olacaq. Mən burada baş verən heç bir münaqişəyə baş qoşmayacağam. Ancaq aparıcılıqla məşğul olaraq neytral vəziyyətdə qalacam”. Qeyd edək ki, layihəyə göndərilən bir SMS-in qiyməti 1 manat təşkil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR