Mehriban Xanlarova: “Məncə, “Maşın” şousu obyektiv keçirilmir, bu şouda ikiüzlülük, haqsızlıq gördüm”

Mehriban Xanlarova: “Məncə, “Maşın” şousu obyektiv keçirilmir, bu şouda ikiüzlülük, haqsızlıq gördüm”
# 25 may 2007 12:07 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın aktrisası, dünən “Maşın” realiti-şousunu tərk edən Mehriban Xanlarova verib. O, növbəti dəfə belə bir şouya qatılmayacağını deyib: “Həmin şouda ikiüzlülük, haqsızlıq gördüm. Bir daha belə bir şouda qətiyyən iştirak etməyəcəyəm. Orada inandığım insanların içində Elməddin də var idi. Ancaq o da sonda dediyini etmədi. Elməddin kimlərinsə qurbanı oldu, mənim deyil. O düşünür ki, onu şoudan mən uzaqlaşdırmışam. Elməddin deyib ki, “mən tərəfdən idarə olunmamaq üçün şoudan çıxıb”. Mənim kimisə idarə etməyim barədə dedikləri yalandır. Ona deyirəm ki, kişi kimi gedib, kişi kimi də qalsın. Bu sözləri deməklə məni gözdən salmaq istəyirsə, heç zaman gözdən düşən deyiləm”. M. Xanlarova şouda aqressiv davranmasının səbəblərini də açıqlayıb. O, aqressivliyin üzləşdiyi haqsızlıqlardan qaynaqlandığını vurğulayıb: “Aqressiv davranmağım, emosiyalarımın qabarması haqsızlıqlarla üzləşdiyimlə əlaqədar idi. Dünən əsəbiləşdiyimə və səs tonumu qaldırdığıma görə tamaşaçılardan sizin vasitənizlə üzr istəyirəm. İnanın, hətta ən sakit və səbirli insan belə mənim üzləşdiyim situasiyada səsini qaldırardı”. Şouya qatıldığına görə peşiman olduğunu deyən şou iştirakçısı, “Maşın” şouya qatıldıqdan sonra bir sıra söz-söhbətlər gəzdiyini də etiraf edib: “Guya mən qumara getmişəm. Bu bir şoudur, qumar deyil. Mənim üçün deyiblər ki, başı bağlı insan kosmektikadan bu qədər istifadə etməz. Getsinlər Ərəbistana, görsünlər, kosmetikadan necə istifadə edirlər. Əgər, qadının başı bağlıdırsa, kosmetik vasitələrdən istifadə edə bilməzmi? Düzdür, mən dırnaq saxlamıram, lakdan istifadə etmirəm. Ola bilər ki, şouda kişilərin məni öpməsinə görə bu cür sözlər deyilir. Ancaq başa düşməlidirlər ki, bu, canlı efirdir. Başımı and içib, tövbə edib bağlamamaşam, sadəcə, hələlik ürəyimdən başımı açmaq keçmir. Düzdür, teatrda rol ifa edən zaman başımı açıram. Mən bir aktrisayam, möminlər sənət aləmini bilmirlər. Əgər başımı tam bağlasaydım, sənətdən ayrılardım”. M. Xanlarova bildirib ki, “Maşın” şousunda iştirak edən zaman ondan başını açmasını istəyiblər, ancaq o, razılaşmayıb: “Mən dedim ki, axı bura tamaşa deyil. Möminlər məni başa düşsünlər. Rəfael Dadaşov, Valeh Kərimov mənə yaxınlaşırsa, onları itələyə bilməzdim”. Aktrisa şounun sonunda Tünzalə Əlyevanın qalib gəlməsini arzuladığını desə də, buna o qədər də inanmır: “İstəyirəm, Tünzalə qalib gəlsin, amma buna o qədər də inanmıram. Məncə, maşının sahibi Xəyyam Nisanov olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR