Çingiz Əhmədov: “Maşını Murad Arifə halal etmirəm”

Çingiz Əhmədov: “Maşını Murad Arifə halal etmirəm”
# 29 may 2007 13:20 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında artıq başa çatmış “Maşın” realiti-şoudan Murad Arif tərəfindən uzaqlaşdırılan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Çingiz Əhmədov deyib. Aktyor şounun gedişatından narazı qaldığını və Muradın qalib olduğunu qəbul edə bilmədiyini vurğulayıb: “Murad Dadaşov bundan əvvəl iki dəfə məni “Maşın” şouya dəvət edib. Ancaq onun dəvətini qəbul etməmişəm. Bu dəfə isə getdim və oradakı ab-havanı gördüm. İlk gündən şounu tərk etməyim çox yaxşı oldu. Əks halda, kimisə təhqir edib çıxacaqdım. Orada qalsaydım, maşını mən aparmalı idim. Mən güclü rəqib olduğuma görə iştirakçılar məni ortadan götürdülər”. Ç. Əhmədov maşına başqa iştirakçının sahiblənməsini istədiyini və bu iştirakçının Nicat Kazımov olduğunu vurğulayıb. Bundan sonra belə şoulara qatılmaq arzusunda olmadığını deyən aktyor sentyabrda tamaşaçılar qarşısına yeni layihə ilə çıxacağını qeyd edib.
Ç. Əhmədovun bu açıqlamasına münasibət bildirən “Maşın” realiti-şounun qalibi Murad Arif ona maşını Allahın halal etdiyini deyib: “Dünən Anadolu otağında bütün iştirakçılar oturmuşdu, mən heç kimə yox, birinci Çingiz Əhmədova yaxınlaşıb əl uzatdım. Əlimi tutmadı və mənə dedi ki, “yeri get, a bala”. Çingiz müəllimdən fərqli olaraq, Vado Karovin məni qucaqlayıb öpdü. O başa düşmür ki, əgər onu çıxartmasaydım, maşın mənim olmazdı. Oyunun taktikası budur. Çingiz Əhmədov bu maşını mənə halal etmirsə, canı sağ olsun. Hər birimiz çox şey istəyə bilərik, çoxumuz bunu halal və ya haram edə bilərik. Sonda isə Allahın istədiyi olur, bəndənin istədiyi yox. Bunu Allah mənə halal edib. Nəticə onu göstərir ki, qalibi heç kəs ittiham edə bilməz”.
Şounun gedişatından danışan qalib deyib ki, bu şouda kiməsə qarşı pis olmaq günün normasıdır: “Şouda baş verənlərin yalnız 2%-i yayımlanırdı, 98%-i isə gizli qalırdı. Bu şouda yaxşı olmaq üçün çoxüzlü olmaq lazımdır. Burada isə heç kim yaxşı deyildi. Oyunda ancaq kiməsə pislik etməyin taktikasını düşünürsən. Ora gələn iştirakçı da gərək bunu dərk edərdi, bunu dərk etmədən gəlmək düzgün deyil. Mən orada çoxu üçün yaxşı deyildim. Otağımı bağlayırdım və heç kimi içəri buraxmırdım. Buna görə məni cəzalandırmaq da istədilər. Sadəcə, Allaha sığınıb gedirdim. Bu mənim minusumdur ki, mən kimisə çıxardanda çox soyuqqanlı oluram və dedikdən sonra üstündən su içirəm”. Elməddin Cəfərovun şounu tərk etdikdən sonra onun ünvanına dediklərinə gəlincə, Murad Arif Elməddini bu sözləri deməkdə haqlı hesab edib: “Elməddinin bu sözləri deməyə əsası var idi. Həyəcandan çıxmaq lazımdır ki, insanın ağlı başına gəlsin. “Maşın”dan sonra Elməddinlə münasibətimiz daha yaxınlaşdı”.
“Maşın” realiti-şouda finala qalan İrəvan Dövlət Dram Teatrının aktrisası Tünzalə Əliyeva isə Çingiz Əhmədovdan fərqli olaraq, maşını Murada halal edib. T. Əliyeva APA-ya açıqlamasında şoudan razı qaldığını deyib: “Heç zaman inanmazdım ki, 30 saat ayaq üstə qala bilərəm. Bu şoudan sonra özümə inamım artdı, demək, mən aktrisa kimi günlərlə dayanmadan çalışa bilərəm. Bu şouda özümü tapdım. Orada hər şey real idi, heç bir şey hazırlanma deyildi. Allah bu maşını mənim qismətimə yazmamışdısa, nə etmək olardı? “Maşın”da hər bir insanın iç üzü ortaya çıxır”.
Şounun iştirakçıları olan Elməddin Cəfərov və Mehriban Xanlarova da Murad Arifi təbrik edərək, maşının xeyirli olmasını arzulayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR