Nisə Qasımova: “İlhamə Quliyeva özünə ad verməklə gündəmdə qalır”

Nisə Qasımova: “İlhamə Quliyeva özünə ad verməklə gündəmdə qalır”
# 06 avqust 2007 08:24 (UTC +04:00)
Əməkdar artist Nisə Qasımovanın APA-ya müsahibəsi

- Musiqi müsabiqələrinin münsiflər heyətində niyə təmsil olunmursunuz?
- Bu yaxınlarda yeni bir şirkətdən münsiflər heyətində təmsil olunmaq üçün dəvət aldım. Ancaq razılaşmadım. Bəzən müsabiqələrə baxanda gülməyim gəlir. Münsiflər heyətində elələri oturur ki, onlar hələ sənətdə öz sözlərini deməyiblər. Düzdür, fəxri adları var, ancaq heç 30 yaşı olmayan adam münsiflər heyətində əyləşir. Mən gedib gənc ifaçılarla bir masa arxasında əyləşməyəcəyəm ki... Yəqin müsabiqələrin təşkilatçıları xasiyyətimə bələddir, o səbəbdən də təklif almıram. Aldığım təkliflərdən də imtina edirəm. Çünki bizdə müsabiqələrin keçirildiyi yerlərin dizaynı, şəraiti aşağı səviyyədədir, münsiflər heyətinin tərkibi də məhz bu şəraitə uyğun olur.
- Amma Siz “Azəri-star” yarışmasının münsiflər heyətində təmsil olunmuşdunuz.
- Oradan uzaqlaşmağımın səbəbi inciməyim oldu. Həmin müsabiqədə star olan Günel Məhərrəmovaya qısqanclıqla baxdığımı, ona münasibətimin pis olduğunu iddia edirdilər. Mən heç o qızı tanımırdım. Münsiflər heyətində kiminsə mənə qarşı antipatiyası olduğu üçün belə bir atmosfer yaratdılar. Hiss etdim ki, mən orada sona kimi otura bilməyəcəyəm. Orada münsiflər heyətinin hamısı eyni səsə malik insanlardır. Amma bəziləri özünü sədr kimi aparırdı. Ona görə də oradan bir daha geri qayıtmamaq şərti ilə sakitcə çıxdım.
- Konkret kimin münasibəti Sizi qane etmədi?
- İlhamə Quliyevanın bir fikri olurdu, mənim isə tamam başqa. Bəzən ikimizin də eyni fikri olduğu halda birinci mikrofonu götürüb hər şeyi öz mövqeyi kimi qələmə verirdi. Bu, mənim xoşuma gəlmədi. Mikrofon sıra ilə hər kəsə verilir. Kimsə kefi istəyəndə mikrofonu əlinə alırsa, bu, qeyri-etik bir hərəkətdir. Orada İlhamə Quliyevanın ironiyalı, müəmmalı baxışlarnı da görürdüm. O, publikaya oynayır. Mən işimlə, tutduğum mövqeyimlə bağlı publika ilə oynamağı sevməmişəm. Çünki xalqı aldatmaq olmur. Əyri baxışları, müəmmalı hərəkətləri xalq qəbul etmir. Bu kimi məsələlər məni bezdirdi, düşündüm ki, kiminsə hədəfi olmaqdansa, uzaqlaşsam yaxşıdır. Mən kiminsə əlinin, sözünün altında fikir səsləndirə bilmərəm.
- Bunun səbəbini müsabiqədən uzaqlaşdıqdan sonra araşdırmadınız?
- Mən bunun səbəblərini indiyə kimi də bilmirəm. Qısqanclıqdan söhbət gedə bilməz, çünki buna səbəb yoxdur. Hamı məni də, onu da tanıyır. Nəyə görə belə etdiyini bilmirəm. Müsabiqədən sonra lent yazısına baxdığım zaman onun mənə əyri baxışlarlarını özüm də gördüm.
- İndi münasibətləriniz hansı səviyyədədir?
- Salamımız var. O, məndən böyükdür, ona yaşıma görə hörmət edirəm. Mən ailədə tərbiyəni belə görmüşəm.
- Bugünkü gənclər yaşılı nəslə səhnədən getməyi məsləhət görürlər...
- Mən də gəncliyimdə 50 yaşında səhnədən gedəcəyimi deyirdim. Amma 50-dən artıq yaşım var, hələ də səhnədəyəm. Ona görə ki, buna potensialım, uzun illərdən bəri saxladığım mahnılarım var. Sağlığım, zahiri görünüşüm səhnədə olmağa imkan verir. Hələ də gənclərə örnək ola bilirəmsə, deməli, qalmalıyam.
- Nisə Qasımova gündəmdə qalmaq üçün hansı vasitələrdən istifadə edir?
- Mən gündəmdə qalmaq üçün mahnılarım, təfəkkürüm və intellektimdən istifadə edirəm, zamanla ayaqlaşmağa çalışıram. İnsanların çevrəsində olmalı, onlarla ünsiyyət qurmalıyam. Bundan əlavə heç bir yola əl ata bilmərəm, çünki bu, heç vaxt məqsədim olmayıb. Başqa yola əl atsam, mənim üçün çox böyük ayıb olar, Allah məni cəzalandırar. Mən kiminləsə qol-boyun olmaq üçün səhnəyə gəlməmişəm.
- Xalq artisti adını almamağınızın səbəbi nədir?
- Kölgədəyəm, sakit, sərin bir yerdə dayanıb şou-biznesi seyr etmək, hərdənbir çıxıb “mən də varam“ demək daha gözəldir. Mənim 30 yaşım olanda ədalətsizliklə üzləşdim, istədiyim vaxtda efirə çıxmağıma, mahnılarımı oxumağa qadağa qoydular. Bəlkə zaman gələcək, mən 25 yaşlı gənclərə də meydan oxuyacağam. Bunu hələ bilmək olmaz. Mən xalqın artisti adına çoxdan layiq görülmüşəm. Yenicə səhnəyə ayaq basanda hamı məni peşəkarlarla müqayisə edirdi. Bəzi səbəblərə görə böyük səhnəyə çıxa bilmədim. Mən respublikanın əməkdar artisti kimi şərəfli ada layiq görülmüşəm.
- Bu gün Azərbaycan estradasında “meqa-star” adı uğrunda qızğın mübarizə gedir. Sizin belə adlandırılmaq həvəsiniz yoxdur ki?
- Azərbaycan estradasında Türkiyənin dünya şöhrətli meqa-starı Tarkanın səviyyəsinə bir azacıq da olsa, yaxınlaşan sənətçi varmı? Kim özünü meqa-star sayır? Mən heç zaman müğənninin özünə belə bir ad verməsini sevməmişəm. İlhamə Quliyeva ona verilən adları sadalayır, mən bunu qəbul edirəm. Mən onu alqışlayıram ki, özünə ad verməklə özünü gündəmdə saxlayır. Bu, böyük bir maraq doğurdu. Mənəm-mənəm deməklə o, özünə çox böyük reklam qazandı. Ad qoymaq ona yaraşır, ancaq mənə və başqalarına yox. O, şou-biznesi yaxşı tanıyır ki, bu yaşında da belə qalır. Amma hər şeyin həddi var. Camaat yazıqdır, “mən” sözündən iyrənirlər axı.... Biri deyir, mən F.A-yam. Mən də Fətulla qızı Nisəyəm, deyim N.Q-yəm? Bu gün Azərbaycan estaradsında mənəm-mənəmlik üstündə qırğın gedir. Tarkanı və ya bir başqasını təqlid edən kim.
- Uzun müddət Sizin Zeynəb Xanlarova ilə münasibətiniz kəskin olub...
- İndi bir-birimizə salam veririk. Qapanmış söhbətdir, vaxtilə çox şey deyirdilər. Bu barədə danışmaq istəmirəm. Qoy, hələlik qapanmış mövzu olaraq qalsın. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR