İlhamə Quliyeva: “ Bütün zirvələrin ən yüksəyindəyəm”

İlhamə Quliyeva: “ Bütün zirvələrin ən yüksəyindəyəm”
# 07 avqust 2007 07:59 (UTC +04:00)
- Avqustun 17-də doğum gününüzü qeyd edəcəksiniz. Həmin gün kimləri ətarafınızda görmək istərdiniz?
- Allahımın başımın üstündən əksik olmamasını istəyirəm, qoy, O məni hər zamankı kimi yenə də qorusun. Həmin gün anamın, yaxınlarımın, məni həqiqətən sevənlərin ətrafımda olmalarını istəyirəm. Əlbəttə, söhbət məni əsil sevənlərdən gedir, daha üzümə gülüb, arxamca min söz danışanlardan yox. Dodaqbüzənlərə nə salam verirəm, nə də salamlarını alıram. Belə insanları eşitmək və görmək istəmirəm. Mən zərgərəm, arifəm insana baxanda onun simasında nəfəsi necə aldığını bilirəm.

- Özünüzə nə arzulayırsınız?
- Tək özümə deyil, hər kəsə cansağlığı arzulayıram. Dünyada can-sağlığından başqa hər şey yalandır. Cansağlığı olmadan var-dövlət, şan-şöhrət, titullar heç nəyə lazım deyil.

- Sirr deyilsə, neçə yaşınız tamam olur?
- Yox, bunu deməyəcəyəm. Mən axı əbəs yerə “Yaşın nə fərqi var ki?” mahnısını oxumamıışam. O mahnını 40 yaşını keçən qadınlara həsr etmişəm. Bu yaş həddini keçmiş qadınlara belə sual ünvanlanmır. Qadının yaşını bilmək istəyirsinizsə, onun görünüşünə baxmaq kifayətdir. Necə görünürsə elə o yaşdadır. Sizcə, mənim neçə yaşım var?
- 35
- Ümumilli lider Heydər Əliyev də 5 il bundan əvvəl mənə “Şöhrət” ordeni verəndə telefon açmışdı. O zaman onun ilk sualı neçə yaşımın tamam olması ilə bağlı oldu. Mən də dedim ki, soruşmayın, çoxdur. O da cavabında dedi: “35 yaş çoxdur məgər, 35 yaş nədir ki?” Mən də dedim ki, elə 35 ildir səhnədəyəm. Heydər Əliyev dedi ki, bu gündən sonra kim soruşsa, ömrünün sonuna kimi de ki, 35 yaşın var. Bu söhbətdən 5 il keçib, yenə də mənə 35 yaş verdiniz.

- 40 ildir ki, səhnədəsiniz. Bəs yaradıcılığınızın 40 iliyi ilə bağlı hesabat konserti vermək fikriniz varmı?
Əlbəttə, iyulda yaradıcılığımın 40 illiyi münasibəti ilə Yaşıl Teatrda konsert vermək istəyirdim. Ancaq səhhətimlə bağlı konserti təxirə saldım. Hipertonik krizis keçirdiyimdən bu layihə sentyabrda gerçəkləşəcək. Həmin konsertdə 4-5 saat ərzində tamaşaçılara rəngarəng və şedevr mahnılarımı ifa edəcəyəm. Əminəm ki, tamaşaçılar həmin konsertdən zövq alacaqlar. Bu ilin sonuna kimi bir sıra ölkələrdə də yaradıcılığımın 40 iliyi qeyd ediləcək.

- Səhnədən getmək barədə düşünmürsünüz? İndi gənc sənətçilər yaşlı nəslin səhnəni tərk etməməsi barədə tez-tez tənqidi fikirlər səsləndirir...
- Mənim xarici görünüşüm, sənətim lazımi nəticəni verməsəydi, bu fikirləri özümə şamil edərdim. Bütün zirvələrin ən yüksəyindəyəm. Bundan sonra oxumasam belə, sənətə öz möhürümü vurmuşam. İndikilər 40 ili səhnədə yaşa bilməzlər. Bu, necə deyərlər, bir igidin ömrüdür. Sənətkar səhnədə özünü lazımi səviyyədə göstərə bilməyəndə səhnədən getməlidir. O deyilənlərin mənə qəti aidiyyatı yoxdur. Mənə yaraşmayan fikirləri özümə şamil etmirəm. Çünki yerimi, qiymətimi çox gözəl bilirəm. Dövlətimizin verdiyi bütün mükafatlar mənim hansı səviyyəli sənətkar oldugumu sübut edir.

- “Mən meqa-starların meqa-starıyam” fikriniz çox müzakirələrə səbəb oldu...
- Bəli meqa-star məsələsi çoxlarını qıcıqlandırıb. Bu gün çoxları meqa-star olmaq istəyinə düşüblər. Elə primadonna adını da bir çoxları hələ həzm edə bilməybilər. Primadonna sənətin birinci xanımı deməkdir. Mən bu titulları bazardan almamışam, öz səviyyəmdə, yaşımda və janrımda olan müğənnilərin içində xalqın sorğusu ilə bu nominasiyaları qazanmışam. Əgər ümummilli lider Heydər Əliyev mənim sinəmə “Şöhrət” ordeni taxıbsa, dövlət məni Azərbaycanda bir nömrəli sənətkar kimi qəbul edirsə, xalq məni sevirsə bu meqa-starların meqa-starı olmagım deməkdir.
Heydər Əliyev adına Sarayda sonuncu konsertim 5 il bundan əvvəl olub. Yaradıcılığımın 35 iliyi ilə baglı hesabat konsertində 5 saat canlı oxumuşam, özü də heç bir rəqs hərəkətləri qurulmadan bunu etmişəm. İndi oxumaqla bərabər rəqs edirlər ki, bərbad vəziyyətdə oxumaları hiss olunmasın. Oynamaqla xaric ifalarını gizlətmək istəyirlər. Tamaşaçının fikrini yayındırmaq istəyirlər, çünki sənətlərinin zəifliyindən özləri xəbərdardırlar. Mən estrada müğənnisi kimi qəbul olunmuşam, ancaq muğam da oxuyuram. Xəmirim muğam üzərində yoğrulub. Əgər kimlərsə gedib Konservatoriyada, Musiqi Akademiyasında təshil alırsa, mənim evim canlı akademiyadır.

Sizin fikrinizcə, bu gün estradada meqa-star var?
- Meqa-star olmaq üçün mənim kimi yüksək səviyyəyə çatmaq lazımdır. Kim bu səviyyəyə çata bilirsə, Allah xeyir versin. Mən öz sahəmdə, janrımda, yaşıdlarımın içində meqa-staram. Dünyanın hər biri ölkəsində, Avropanın hər bir yerində meqa-starlar var. Hər ifaçı öz janrında meqa-star ola bilər. Bizim böyülk nəslin nümayəndələri arasında da olub və var. Mənim aləmində Habil Əliyev, Fidan və Xuraman Qasımova bacıları meqa-stardır. Meqa-starın buynuzu yox, gözəl sənəti olur. Hesab edirəm ki, bir sənətkar 50-60 il səhnədə varsa, fəaliyyət göstərirsə o artıq meqa-stardır. Küçədən keçən, sənətdən xəbəri olmayanların bu ad uğrunda mübairəzəsi lüzumsuzdur. Bu gün çoxları özünü meqa-star hesab edir. Ancaq onlar heç meqa-star sözünün mənasını anlamırlar. Hətta onlar prodüsser sözünün anlamını başa düşmürlər. Onların fikrincə, prodüsser kaset, disk daşımalıdır, çox gülməlidir. Onların biri də impressarionun mənasını bilmir. İndi meqa-star söhbəti də belədir. Meqa-star sənətkarların sənətkarıdır, zirvənin zirvəsidir. Axı onlar gəlib bu səviyyəyə çatmayıblar. Gəlib çatanda onda iddialarını edərlər...

- Bir müddət əvvəl küsülü olduğunuz həmkarlarınız sizinlə barışdılar. Siz küsülü olduqlarınıza qarşı belə addım atmağı düşünmürsünüz?
- Məndən üzr istəyənlərdən küsməmişdim. Bir xasiyyətim var, əgər kimsə mənə lazımi səviyyədə münasibət göstərməyi bacarmırsa, o insanları unuduram, ürəyimdən də, həyatımdan da pozuram. Mən küsmürəm, sadəcə həyatımdan pozuram. Əgər onlar kiçiklik, həm də böyüklük edib mənim ayağıma gəlirlərsə, bağışlayıram. Kinli insan deyiləm. Barışdığım insanlardan da küsülü deyildim, sadəcə o insanlar mənim üçün yox idilər. Amma istəmədiklərimin də sayı çoxdur. Yalan danışmağı xoşlamıram, mənim üçün həyatda olmayanlar var. Özləri yaşaya-yaşaya yaşamayanlar var. Onları ürəyimdən pozmuşam. Bu addımı atandan sonra həmin insanlar çox şey itiriblər. Onlar yaxşı dost, yaxşı dayağı itiriblər. Elələrinə heç insan demirəm, onlar elementdirlər. Elələri var ki, bağışlayıram, ancaq elələri də var ki, ömrümün sonuna kimi bağışlamaram. Kobudluq, tərbiyyəsizlik, mənə qarşı əxlaqsız münasibət göstərənləri və xəyanəti heç zaman bağışlamayacağam.

- Yaşıl Teatrdakı yeni təyinatlara münasibətiniz necə oldu?
- Yaşıl Teatrda Faiq Süccədinov baş rejissor vəzifəsinə təyin olunub. Faiq Sücəddinovun gözəl pianoçu və bəstəkar olduğunu bilirəm, amma baş rejissor vəzifəsini necə icra edəcəyi barədə fikir söyləyə bilmərəm. Bəlkə də icra edə bilər, ancaq bu vəzifə onun sənətinə uyğun gəlmir. Gövhər Həsənzadənin də sevilən mahnıları çoxdur. O uzun illər Heydər Əliyev adına Sarayda rejissor köməkçisi əvəzi, sonra rejissor və “Şəhriyar” adına Mədəniyyət Mərkəzinin rəhbəri olub. O təşkilatçılığı bacarır. Ancaq onu rəhbər kimi necə idarə edəcəyini zaman göstərəcək. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR