İstanbulda "Ağır Romantik" filminin qala gecəsi keçirilib

İstanbulda "Ağır Romantik" filminin qala gecəsi keçirilib
# 13 fevral 2020 14:13 (UTC +04:00)

Ötən gün İstanbulda tanınmış işgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə "Liatris Yapım"ın ərsəyə gətirdiyi "Ağır Romantik" filminin qala gecəsi baş tutub.

APA-nın xəbərinə görə, “Torun Center”də baş tutan təqdimat mərasimi böyük marağa səbəb olub.

Anşlaqla keçən gecədə film eyni anda 5 zalda yayımlanıb.

Gecəyə "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, filmin baş qəhrəmanları Onur Tuna, Tuvana Türkay və ekran işində rol alan Altan Erkekli, Servet Pandur, Durul Bazan və başqaları qatılıb.

Aparıcı Nanə Ağamalıyeva və top stilist Anar Ağakişiyev də qala gecədə iştirak edənlər sırasında olublar.

Qala gecəsi Türkiyə mediasının da diqqətində olub. Belə ki, tədbir "Kanal D", "Uçan kuş", NTV, TV8 kimi məşhur sayt və telekanallar tərəfindən işıqlandırılıb.

"Ağır Romantik"in təşəbbüskarı Ruhi Əliyeva ekran işi ilə bağlı açıqlama verərkən filmi maraqla izlədiyini vurğulayıb: "Bu işə çox əziyyət çəkilib. Doğrusu, film sektoruna girməzdən öncə bu qədər zəhmət tələb olunacağını gözləmirdim. Amma insan zəhmət çəkdiyi işin gözəl nəticəsini görəndə və həmin iş alqışla qarşılananda çəkilən əziyyət unudulur. Düşünürsən ki, bütün bunlara dəyərmiş. Ümid edirəm, bu işimiz hər kəs tərəfindən çox seviləcək. “Ağır Romantik” sevgi filmidir. Ona görə də düşünürəm ki, film onu izləyən hər bir kəsin ürəyincə olacaq. Çünki, insanların qəlbi eşqlə doludur".

R.Əliyeva aktyor seçimini də özünün etdiyini bildirib: "Bir neçə aktyor və aktrisalar təklif olunmuşdu. Amma mənim favoritlərimin kimlər olduğunu görürsünüz. Məmnunam ki, düzgün seçim etmişəm".

O film sektorunda Azərbaycanla bağlı belə böyük bir layihə gerçəkləşdirmək istədiyini xüsusi vurğulayıb: “Mən hər zaman Azərbaycan adına uğurlu layihələr etməyə çalışıram. Allah müvəffəqiyyətli işlərimizi bol eləsin, hər zaman müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edə bilək. Film sektorunda Azərbaycanla bağlı belə bir böyük layihə həyata keçirməyi də düşünürəm. Bu, mənim ən böyük arzularımdan biridir”.

Daha sonra media qarşısına aktyor Onur Tuna çıxıb. O, obrazı və film haqda açıqlama verərək bunları deyib: "Neçənci filmdə baş rol oynamağım önəmli deyil. Əsas olan obraz və ssenarinin düzgün olması, gözəl heyətlə çalışmaq və əylənməkdir. "Ağır Romantik"də məni cəlb edən ilk məqam bir filmdə iki fərqli obrazı canlandırmaq oldu. Ən düzgün seçimi izləyici edəcək".

"Ağır Romantik"də Aslı obrazına həyat verən aktrisa Tuvana Türkay da həmkarı Onur Tunanın fikrini təkrarlayıb.

Film nümayişinin sonunda zalda əyləşən hər kəs ekran işini ayaq üstə alqışlayıb. Həm aktyor heyəti, həm də gecənin qonaqları Ruhi Əliyevanı uğurlu işinə görə təbrik edib.

Tuvana Türkay isə "Ağır Romantik"də səsləndirdiyi mahnını təqdimat zamanı canlı ifa edib.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqroda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevralda, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin Bakıdakı qala gecəsi isə martın 7-si aktyorların iştirakı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR