Bakıda “Selector Live: women.sounds.waves” layihəsi təqdim edilib

Bakıda “Selector Live: women.sounds.waves” layihəsi təqdim edilib
# 20 fevral 2020 14:02 (UTC +04:00)

“Selector PRO artıq üçüncü ildir ki, British Council və YARAT-la birgə Bakıya gətirilir”.

APA-nın məlumatına görə, bunu YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maliki mətbuat konfransında deyib.

Onun sözlərinə görə, builki layihə gender bərabərliyini təmin etmək məqsədi daşıyır və “Selector Live: women.sounds.waves” adlanır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə tədbirin keçirilməsinin əsas məqsədinin qadınların inkişaf etdirilməsi olduğunu qeyd edib: “Səfirliyimiz hesab edir ki, gender bərabərliyi Azərbaycanda kifayət qədər mühüm məsələdir. Ona görə bu istiqamətə öz diqqətini yönəldir”.

C.Şarp Böyük Britaniyanın dünyada musiqinin inkişafı baxımından böyük imkanlara sahib olduğunu vurğulayıb: “Son 50 il ərzində bizim ölkəmiz musiqinin inkişafı baxımından qabaqcıl rol oynayır. Eləcə də elektron musiqinin inkişafında xüsusi rola malikdir. Layihənin gerçəkləşdirilməsi zamanı bu sahədə təlimlərin keçirilməsi də nəzərdə tutulub”.

British Council Azərbaycanın ölkə üzrə rəhbəri Samr Şah Selector PRO layihəsinin ASAN Radio və YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb: “Selector şou dünyanın müxtəlif ölkələrindən olan auditoriya ilə daim dəyişən Birləşmiş Krallıq mədəniyyəti arasında körpü rolunu oynayır və 30-dan çox ölkədə yayımlanır. Selector şou Birləşmiş Krallığın ən səs-küylü musiqiçilərinin canlı performanslarını təqdim edir. “Selector Live: women.sounds.waves” adlanan builki konsertdə Britaniyadan olan JAMZ SUPERNOVA, HOLLY LESTER kimi DJ-lərlə yanaşı Azərbaycandan olan istedadlı qadın musiqiçilər də iştirak edəcəklər. Düşünürük ki, bu əməkdaşlıq gələcəkdə Azərbaycan və Birləşmiş Krallıq musiqiçiləri arasında daha sıx əməkdaşlığın qurulmasına xidmət edəcək”.

S.Şah British Council tərəfindən Tuğkan Mutlunun rəhbərliyi ilə iki günlük intensiv Selector PRO təlimi keçirəcəyini diqqətə çatdırıb: “İştirakçılar təlimdə Ableton proqramı vasitəsilə professional şəkildə musiqi yaratmaq üçün faydalı məlumat və vasitələrlə təmin olunacaqlar. Bundan başqa, "ASAN Radio"da DJ BAZAUR tərəfindən ingilis konsertlərindən ən yaxşı musiqi nümunələri təqdim ediləcək. Fevralın 21-i, saat 21:30-da isə Pullman Baku otelində elektron musiqiyə həsr olunmuş Selector Live partisi baş tutacaq”.

Sonra layihənin Azərbaycan üzrə təmsilçiləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR