SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək

SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək
# 17 fevral 2021 11:10 (UTC +04:00)

Bu ilin fevralın 19-dan 21-ə kimi Chess.com saytında onlayn formatda Korporativ Şirkətlər üzrə ilk Dünya Şahmat Çempionatı keçiriləcək.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu mötəbər yarışda dünyanın “Global 500” siyahısında yer alan “Facebook”, “Google”, “Morgan Stanley”, “Gazprom” kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da “ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaqdır. Şirkətimizi yarışda üç həmkarımız – Baş Ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, Azneft İB-nin Qazma mühəndisliyi və əməliyyatlar Departamentinin böyük mühəndisi Cavid İbişov, Baş Ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili Departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcəkdir. Nizamnaməyə əsasən hər bir iştirakçı şirkət FİDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.

Yarışda iştirak edəcək “legionerlər” siyahısında Dünya çempionu Maqnus Karlsen, Namizədlər Turnirinin iştirakçıları Yan Nepomnyaşşiy və Aniş Giri, tanınmış qrossmeysterlər Anton Korobov, Vladislav Artemyev, Radoslav Voytaşek, Vladimir Malaxov, Georq Mayer və başqaları var.

FIDE prezidenti Arkadi Dvorkoviç iştirakçılara müraciətində demişdir: “Əminik ki, bu həm də iştirakçı komandalar və onların məsul şəxslərinə idman vasitəsilə yeni müştərilər və biznes imkanları əldə etmək, milli və beynəlxalq biznesin liderləri və təmsilçiləri ilə əlaqələri inkişaf etdirmək şansı verəcək”.

Məlumata görə, tarixdə ilk dəfə keçirilən Korporativ Dünya Şahmat Çempionatında Azərbaycandan SOCAR və SOCAR AQŞ şirkətlərinin komandaları iştirak edir.

Yarış iştirakçılarına uğur diləyən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR Azərbaycanın şahmat üzrə yığma komandasının tərəfdaşı, beynəlxalq turnirlərin təşkilatçısı kimi təkcə ölkəmizdə deyil, bütün regionda şahmatın inkişafına dəstək verir. Biz “SOCAR-Azərbaycan” şahmat komandasının dünyada keçirilən mötəbər yarışlarda qazandığı nailiyyətlərdən qürur duyuruq. Əminəm ki, SOCAR şirkətlər arasında ilk Dünya Çempionatında iştirak etməklə məntiq, zəka tələb edən bu qədim oyunun Korporativ şirkətlərin əməkdaşları arasında daha böyük populyarlıq qazanmasına və inkişafına öz töhfəsini verəcək”.

FIDE-nin şahmat veteranlarına dəstək və uşaqlar üçün təhsildə şahmat sosial proqramlarına töhfə verən bütün iştirakçı komandalar 2021-ci il noyabrın 24-dən dekabrın 16-dək “Dubai World Expo 2021” sərgisi çərçivəsində keçiriləcək Dünya Şahmat Çempionatında iştirak hüququ da əldə edəcək.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR