Şəhriyar Məmmədyarov yenə 3,5 xal toplayıb

Şəhriyar Məmmədyarov yenə 3,5 xal toplayıb
# 16 may 2020 23:31 (UTC +04:00)

Şahmat üzrə ilk dünya çempionu Vilyam Steynitsin xatirəsinə həsr olunan turnirin ikinci oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 10 iştirakçının qatıldığı onlayn şahmat turnirində daha 6 turun qarşılaşmaları baş tutub.

İlk oyun günündə 6 qarşılaşmada 3,5 xal toplayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov öncə ukraynalı Anton Kolobovla heç-heçə edib. Ardınca rusiyalı Aleksandr Qrişuka uduzan həmyerlimiz I dövrənin son sınağında ispaniyalı David Anton Quiyaro üzərində qələbə qazanıb. Beləliklə, Şəhriyar dövrəni 5 xalla tamamlayıb.

Təmsilçimiz ardınca başlayan ikinci dövrədə də 3 görüş keçirib. Çinli Sanji Bu üzərində qələbədən sonra Məmmədyarov bir gün öncə uduzduğu rusiyalı Danil Dubov və norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Şahmatçımız hər iki qarşılaşmada bərabərliklə kifayətlənib.

Bununla da yenə də günü 3,5 xalla başa vuran Şəhriyar 12 turdan sonra 7 xalla 3-cüdür. Yarışın liderləri Danilin 8, Maqnusun 7,5 xalı var.

Qeyd edək ki, turnirin son 6 turunun matçları sabah keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR