Mahir Məmmədov Şahmat Federasiyasına prezident seçilib

Mahir Məmmədov Şahmat Federasiyasına prezident seçilib
# 26 noyabr 2021 12:25 (UTC +04:00)

Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

O, bu postda 2007-ci ildən çalışan Elman Rüstəmovu əvəzləyib.

Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sloveniyada komandalar arasında Avropa Çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abasova pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR