Azərbaycan Voleybol Federasiyası Avropa Voleybol Konfederasiyası ilə müqavilə imzalayıb

Azərbaycan Voleybol Federasiyası Avropa Voleybol Konfederasiyası ilə müqavilə imzalayıb
# 19 dekabr 2019 13:28 (UTC +04:00)

Azərbaycan Voleybol Federasiyası (AVF) qarşıdakı illərdə bir sıra yeniliklər etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bununla bağlı AVF-nın baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiçlə görüşdə bir sıra mühüm məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanda voleybolun daha da inkişaf etməsi baxımından yeni müqaviləyə imza atılıb. Uşaq voleybolunun inkişafı ilə bağlı olan bu müqavilə 2020-2024-cü illəri əhatə edəcək.

Burada uşaqların voleybola cəlb olunması, bu idman növünü aktiv həyat tərzinə çevirməsi, sosial bacarıqlarının inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb. Şərtlərə uyğun olaraq, CEV və AVF tərəfindən seçiləcək orta məktəblər voleybol idman növü üçün lazım olan avadanlıqlarla təmin olunacaq.

Həmçinin 4 il müddətində Bakıda və bölgələrdə CEV tərəfindən təyin olunacaq voleybol mütəxəssisləri seminarlar da keçirəcəklər. Bunlar gənc nəslin yetişməsi ilə yanaşı, mütəxəssislərin də savadının artırılmasına hesablanıb.

CEV prezidenti A. Boriçiç görüşdə buna şad olduğunu və bu müqavilənin Azərbaycan voleybolunun inkişafında böyük rol oynayacağına inandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda bu idman növünün yüksəlməsi istiqamətində yerli federasiya tərəfindən görülən işlər diqqət mərkəzindədir.

Qeyd edək ki, AVF rəsmiləri görüşdən öncə bölgələrdə və Bakıda orta məktəb müəllimləri ilə bir araya gələrək, voleybol qrupları olan məktəblərin siyahısını hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR