Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirinə məğlubiyyətlə başlayıb - FOTOSESSİYA

Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirinə məğlubiyyətlə başlayıb - FOTOSESSİYA
# 07 yanvar 2020 23:52 (UTC +04:00)

Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığmanın iştirakı ilə başlayan turnirin ilk günündə 3 matç keçirilib.

Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda mübarizə aparan Azərbaycan yığması da ilk görüşünə çıxıb. Vasif Talıbovun baş məşqçi kimi debüt oyununda millimiz meydan sahibləri ilə qarşılaşıb. Matç voleybolçularımız üçün uğursuz alınıb.

Yığmamızın sabiq baş məşqçisi Covanni Kapraranın rəhbərlik etdiyi “narıncılar” doğma divarlar arasında təmsilçimizə çətin anlar yaşadıblar. Düzdür, ilk setdə komandamız layiqli müqavimət göstərib. Hətta bir neçə top önə keçsə də, yekunda kobud səhvlər rəqibin xeyrinə işləyib – 23:25.

İkinci hissədə niderlandlılar təşəbbüsü tam ələ alıblar. Bunun nəticəsi olaraq, yığmamız 7 top fərqilə uduzub.

Üçüncü set isə sonuncu olub. Yenə qələbə qazanan rəqib matçın nəticəsini müəyyənləşdirib – 3:0.

A qrupunun digər matçında Polşa Bolqarıstanı qəbul edib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün sensasiyası isə B qrupunda qeydə alınıb. Türkiyə gözlənilmədən Almaniyaya 1:3 hesabı ilə uduzub.

Turnirin ikinci günündə Azərbaycan millisi istirahət edəcək. A qrupunda Bolqarıstan Niderlandla, B qrupunda isə Xorvatiya Türkiyə ilə və Belçika Almaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan və Niderland arasındakı son oyunda yığmamızın “sükanı arxası”nda olan C.Kaprara yetirmələrinin 0:3 hesablı məğlubiyyətinə üzülüb.

Qrup mərhələsi
B qrupu
7 yanvar

16:00. Almaniya - Türkiyə - 3:1 (25:15, 21:25, 25:21, 25:21)

A qrupu
19:00. Polşa - Bolqarıstan - 3:1 (23:25, 25:20, 25:19, 25:22)
22:30. Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR