Azərbaycan millisinin voleybolçusu: "Uğurlu mövsüm olacağına inanıram"

Azərbaycan millisinin voleybolçusu: "Uğurlu mövsüm olacağına inanıram"
# 30 aprel 2020 14:14 (UTC +04:00)

“Başqa ölkələrdən və klublardan təkliflər almışdım. Amma sonda “Minçanka”nı seçdim”.

Bunu apasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Marqarita Əzizova deyib.

27 yaşlı hücumçu Belarusun “Minçanka” klubu ilə bir mövsümlük müqavilə bağlayıb. O, Minsk təmsilçisini seçməsinin səbəbini açıqlayıb: “Bu komanda həmişə diqqətimdə olub, onlarla maraqlanmışam. Rusiya çempionatında çıxış etmək istəyirdim. Düşünürəm ki, çox stabil, yaxşı bir komandadır”.

Əzizova 2020/21 mövsümündə uğur əldə edəcəyinə inandığını qeyd edib: “Bu ilin mənim üçün uğurlu mövsüm olacağına inanıram. Yaxşı nəticə əldə etmək üçün əmimdən gələni edəcəyəm”.

Marqarita son mövsümü keçirdiyi Polşanın “Radomka” klubunda qalmamağını öz seçimi ilə izah edib: “Onlarla son anadək danışırlar getdi. Amma menecerimlə digər təklifləri də nəzərdən keçirib, Belarus klubunun lehinə qərar verdik. Artıq 1 illik müqavilə imzalamışıq”.

Voleybolçu Azərbaycan millisinin mübarizə aparmalı olduğu Qızıl Avropa Liqasının koronavirus pandemiyası üzündən təxirə salınması barədə də danışıb: “Bu, bizdən asılı olmayan səbəb idi. Oyunlar dayandırılıb. Buna çox təəssüf edirəm. Amma bu bütün dünyanın problemidir. Ümid edirəm ki, koronavirus pandemiyası tezliklə aradan qalxacaq və biz yenə milli komanda ilə ən böyük yarışlarda iştirak edəcəyik. Bunu səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Belarusun “Minçanka” klubu Rusiya Superliqasında mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR