Natalya Məmmədova karyerasını başa vurub

Natalya Məmmədova karyerasını başa vurub
# 24 aprel 2021 23:51 (UTC +04:00)

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubu sosial şəbəkə səhifəsi vasitəsilə açıqlayıb.

Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub. Onu son 2 onilliyin ən yaxşı hücumçularından elan edən “Volero le Kannet” Məmmədovanı karyerası münasibətilə təbrik edib, qazandıqları ilə qürur duya biləcəyini bəyan edib.

Milliləşən ukraynalı 2003-cü ildə “Azərreyl”ə transfer olunub, bir il sonra yığmamıza cəlb edilib. O, 2004-18-ci illərdə millinin formasını geyinib.

37 yaşlı voleybolçu karyerası ərzində 10 ölkənin 14 klubunda forma geyinib. O, Ukraynada “Zareçye-Odintsovo”, Azərbaycanda “Azərreyl” və “Rabitə”, İsveçrədə “Volero”, İtaliyada “Kyeri”, İspaniyada “İkaro”, Türkiyədə “Türk Telekom”, Rusiyada “Omiçka”, Krasnodar “Dinamo”su və Kazan “Dinamo”su, Qazaxıstanda “Altay”, Çində “Lyaonin”, İndoneziyada “Cakarta Pertamina”, Fransada “Volero le Kannet”in şərəfini qoruyub.

195 sm boya malik hücumçu Azərbaycan millisi ilə Avropa çempionatının yarımfinalçısı (2017) olub. O, Ukrayna yığmasında gənclər arasında qitə çempionatının gümüş mükafatını (2002) qazanıb.

Klublararası dünya çempionu (2011) və iki dəfə bürünc mükafatçısı (2015, 2017) olan Məmmədova Çempionlar Liqasının finalçısı (2010/11) olub. O, üç dəfə (2004/05, 2005/06, 2006/07) Çempionlar Liqasının bombardiri olub, bir dəfə (2010/11) “Dördlər finalı”nın ən yaxşı top oyuna daxil edəni seçilib.

Çoxsaylı titullara sahib voleybolçu İsveçrə çempionu (2005/06, 2014/15, 2015/16, 2016/17), İsveçrə kubokunun qalibi (2005/06, 2014/15, 2015/16, 2016/17), Azərbaycan çempionu (2010/11, 2011/12), Rusiya kubokunun qalibi (2002, 2017), Qazaxıstan çempionu (2018/19, Qazaxıstan kubokunun qalibi (2018/19) və İndoneziya çempionu (2019/20) adını qazanıb. Məmmədova həmçinin İspaniya çempionatının gümüş mükafatçısı (2007/08), Türkiyə çempionatının bürünc medalçısı (2008/09), Rusiya çempionatının gümüş (2017/18), bürünc (2009/10, 2012/13, 2013/14) mükafatçısı, ən yaxşı bombardiri (2009/10, 2012/13), Rusiya kubokunda “Dördlər finalı”nın MVP-si (2017) kimi uğurlara da imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR